ƏHLİ BEYT(Ə)-A MƏHƏBBƏT



64-Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Öz övladlarınızı üç şeylə tərbiyə edin:  Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Qur`an oxumaqla.

Cameus-səğir /1/14.

***

65–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs bizim özümüzə yaxşılıq etməyə qadir olmasa, əməli-saleh dostlarımıza yaxşılıq etsin və hər kəs bizi ziyarət etməyə qadir olmasa, saleh şiələrin ziyarətinə getsin. Bu halda onun üçün bizi ziyarət etmək savabı yazılacaq.

Biharul-ənvar /74/354.

***

66–İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olan əməllərin ən yaxşısı Allaha, Onun Rəsuluna və ixtiyar sahiblərinə (imamlara) itaət etməkdir. (…yenə buyurur…) Bizə məhəbbət bəsləmək iman, ədavət bəsləmək isə küfrdür.

Kafi /1/187.

***

67–İmam Sadiq əleyhissalam buyurur:  Həqiqətən hər bir ibadətdən üstün bir ibadət var. Ən yaxşı ibadət isə biz Əhli-beytə məhəbbət bəsləməkdir (bundan daha üstün ibadət yoxdur).

Biharul-ənvar /27/91.

***

68–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  (Həqiqi) mö`mini sizə tanıtdırımmı? Mö`min o kəsdir ki, sair mö`minlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər. Müsəlmanın kim olduğunu deyimmi? Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalsınlar. Mühacir o şəxsdir ki, pisliklərdən əl çəkib Allahın haram buyurduğunu tərk etsin. Mö`min şəxsə haramdır ki, başqa mö`minə zülm etsin, ya onu xar etsin, yaxud arxasınca qeybət etsin və yaxud da onu öz yanından qovsun.

Kafi /2/235.

***

69–İmam Sadiq əleyhissalam buyurur:  Mö`min şəxs üçün layiq deyildir ki, Allaha günah edilən bir məclisdə otursun, halbuki məclisi (gedişini, söz-söhbəti) dəyişməyə qadir deyil. (…yə`ni nəhy əz münkər etməyə qadir olmadığı halda o məclisdə oturmasın.)

Kafi /2/374.

***

70–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəsin dili düz, doğru danışan olsa, əməli paklaşar. Hər kəsin niyyəti gözəl olsa, Allah onun ruzisini artırar, hər kəs öz əhli-əyalına yaxşılıqlarını artırsa, Allah onun ömrünü uzadar.

Xisal /1/88.

***

71–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Bir kişi Rəsuli-əkrəm (s.ə.v.v.)-in yanına gəlib dedi:  Mənə elə bir əməl öyrət ki, onu etdikdə Allah və bütün məxluqlar məni sevsin, Allah mal-dövlətimi artırsın, bədənimi sağlam etsin, ömrümü uzatsın və məni (qiyamətdə) səninlə birlikdə dirildib məhşur etsin.

Həzrət buyurdu:  Bu altı xislətin digər altı xislətə ehtiyacı vardır. Əgər Allahın səni sevməsini istəyirsənsə, Ondan qorx və Onun qarşısında təqvalı ol. Məxluqların səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əllərində olanlardan gözünü çək. Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver, sənə səhhəti-bədən verməsini istəyirsənsə, çoxlu sədəqə ver, uzun ömür verməsini istəyirsənsə, qohum-əqrəbanla sıx əlaqə saxla, səni mənimlə bir yerdə məhşur etməsini istəyirsənsə Vahid və Qəhhar Allaha uzun-uzadı səcdə et.

Səfinətul-bihar /1/599.

***

72–İmam Riza əleyhissalamın qulamı Haris ibni Dilhas deyir:  İmam Riza əleyhissalam buyurdu:  Nə qədər ki, bir kəsdə üç xislət yoxdur o, həqiqi mö`min deyil:  Pərvərdigarından, Peyğəmbərdən və onun vəlisindən (İmamdan) bir sünnətə malik olmaq. Pərvərdigarın sünnəti Onun sirrini gizlətməkdir (Qur`an ayəsi:  O (Allah) qeyb aləmini biləndir. Öz qeyb xəbərlərini razı olduğu kəslərdən –peyğəmbərlərdən qeyrisi üçün aşkar etməz ). Peyğəmbərin sünnəti isə camaatla yaxşı rəftar etməkdir. Çünki Allah-taala Öz peyğəmbərinə camaatla yaxşı rəftar etməsini əmr edərək buyurur:  Əfv etməyi bacar, yaxşılığa əmr et, cahillərdən üz çevir. Onun vəlisinin sünnəti isə yoxsulluqda və xoşagəlməz hadisələrdə səbr etməkdir. Çünki Allah-taala buyurur:  ...Pis və xoşagəlməz hadisələrdə səbr edənlər....



1 next