DUA



46–İmam Sadiq əleyhissalam buyurur:  Allaha edilən heç bir dua Məhəmməd və onun Əhli-beytinə salavat göndərməyincə qəbul olunmaz. (…Yə`ni Allahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd deməyincə).

Kafi /2/493.

***

47–İmam Sadiq əleyhissalam buyurur:  Dünyada mö`minin duasının qəbul olunmamasına, dünya əzab-əziyyətlərinə dözməsinə görə (axirətdə) o qədər savab verilir ki, o, arzu edib deyər:  Kaş dünyadakı dualarımın heç biri qəbul olunmayaydı (və onların müqabilində axirət savabı veriləydi).

Kafi /2/491.

***

48–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Allah-taala yanında, yer üzündə əməllərin ən sevimlisi dua, ibadətlərin ən yaxşısı isə iffətdir.

Biharul-ənvar /93/295.

***

49–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam səhabələrinə nəsihət edərkən buyurdu:  Asimanın qapıları beş vaxtda açılar:  1. Yağış yağanda; 2. Düşmənlərlə cihad vaxtı; 3. Azan deyiləndə; 4. Qur`an oxunanda; 5. Günorta vaxtı və sübh açılanda.

Xisal /302.

***

50–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Beş yerdə dua etməyi qənimət sayın:  1. Qur`an oxunanda, 2. Azan vaxtı, 3. Yağış yağan vaxt, 4. Cihad cərgələrində şəhadətə hazırlaşan vaxt, 5. Məzlumun (zülm olunan şəxsin) dua etdiyi vaxt:  Çünki, onun duasının tez qəbul olması üçün ərşin altında heç bir pərdə (maneə) yoxdur.

Biharul-ənvar /93/343.

***

51–İmam Hüseyn əleyhissalam Ərəfə duasında deyir:  Pərvərdigara! Sən çağırılanlar içərisində ən yaxın, çağırışı (duanı) ən tez qəbul edən, əfv edənlərin ən kəramətlisi (kərimi), ən çox əta edən, sual olunanların ən yaxşı eşidənisən. Ey dünya və axirətdə rəhman və bağışlayan, bu iki dünyada rəhim (rəhməti geniş) Allah!

Ərəfə duası.

***

52–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olmaz. 1. Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından məhrum olmaz; 2. Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul olunmasından məhrum etməzlər; 3. Hər kəsə istiğfar etmək əta olunsa, məğfirətdən məhrum etməzlər; 4. Hər kəsə şükür etmək nəsib olarsa, ne`mət bolluğundan məhrum edilməz.

Nəhcül-bəlağə, Kəlimati-qisar /135.

Seyyid Rəzi(r) buyurur:  Bu dörd mətləbin şahidi Allahın kitabında mövcuddur. Dua etmək barəsində 40-cı surənin 4-cü ayəsində buyurur:  Məni çağırın, sizin (duanızı) qəbul edim. 4-cü surənin 110-cu ayəsində buyurur:  Hər kəs pis əməl etsə və özünə zülm etsə, sonra Allahdan bağışlanmaq istəsə, Allahın bağışlayan və mehriban olduğunu hökmən görər. Şükür etmək barəsində 14-cü surənin 7-ci ayəsində buyurur:  Əgər ne`mətlərin şükrünü yerinə yetirsəniz, hökmən onu (ne`məti) artıraram. Tövbə etmək barəsində 4-cü surənin 17-ci ayəsində buyurur:  Allah nadanlıq üzündən pis iş görən və dərhal tövbə edənlərin tövbəsini qəbul edir və onların günahlarını bağışlayır. Allah hər şeyi bilən və hikmət sahibidir.

***

53–İmam Sadiq əleyhissalam uzun bir məktubda öz şiələrinə buyurur:  Allah-taala mö`minlərin (bu dünyada) etdikləri duaları qiyamətdə onların yaxşı əməllərinə çevirər və bununla da behiştdə onlara daha yaxşı yerlər verər.

Biharul-ənvar /78/216.

***

54–İmam Sadiq əleyhissalam buyurur:  Öz xəstələrinizi sədəqə (fəqirə ehsan) verməklə müalicə edin, bəlaları dua ilə dəf edin.



1 next