ƏL-ƏNBIYA SURƏSI



ƏL-ƏNBIYA SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. İnsanlarla (Qiyamətdə) haqq-hesab aparılması yaxınlaşıb (o, Allah baxımından yaxındır, və yaxud: ümumiyyətlə gəlməsi qəti olan hər bir şey yaxındır), halbuki onlar (həmin haqq-hesabdan) qəflətdədirlər və üz döndərirlər.

2. Rəbblərindən onlara nə yeni öyüd-nəsihət (vəhy, Qur’an və möcüzə) gəlirsə ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar (lakin ciddi qəbul etmirlər).

3. (Vəhy və Qur’ana) qəlbləri (puç və batil işlərə) məşğul olan halda (qulaq asarlar). Zalımlar öz sirli danışıqlarını gizlədərək «məgər bu (Muhəmməd) sizin kimi bir bəşər deyil?! Özünüz görə-görə caduya tərəf gedirsiniz!» (deyərlər).

4. (Peyğəmbər) dedi: «(Əbəs yerə pıçıltı ilə danışmayın, çünki) mənim Rəbbim göydə və yerdə olan hər bir danışığı bilir və O, (hər şeyi) eşidən və biləndir.»

5. Hətta dedilər: «(Sehr deyil, Muhəmmədin özünün və ya başqalarının gördüyü) bir ovuc qarmaqarışıq yuxulardır. Xeyr, özünün uydurduğu yalanlardır. Xeyr, o şairdir (bu kitab da onun şerləridir). Buna görə də, (əgər doğru deyirsə) gərək əvvəlkilər (Salehin dəvəsi, Musanın əsası, İsanın süfrəsi kimi möcüzələrlə) göndərildikləri kimi (o da bizə bir) möcüzə gətirsin.»

6. Onlardan qabaq da Bizim həlak etdiyimiz toplumların heç biri iman gətirmədi. Bunlar iman gətirəcəklər?!

7. Biz səndən öncə də (insanlara peyğəmbər və ilahi elçi olaraq mələkləri, qadınları və cinləri deyil) yalnız vəhy etdiyimiz kişiləri göndərmişik. Buna görə də əgər (Allahın bu cari qanununu) bilmirsinizsə, zikr əhlindən (təhrif olunmamış Tövratın, İncilin və digər səma kitablarının alimlərindən) soruşun.

8. Biz həmin peyğəmbərləri yemək yeməyən (həzm orqanı olmayan) bədənlər yaratmadıq və onlar əbədi də olmayıblar (ki ölməsinlər).

9. Sonra onlara verdiyimiz vədi (dinin möhkəmləndirilməsi və düşmənlərin məhv edilməsi vədini) həyata keçirdik. Beləliklə onlara və istədiyimiz şəxslərə nicat verdik və (Allahın təyin etdiyi) həddi aşanları məhv etdik.



1 2 3 4 5 6 7 8 9 10 11 next