NÜBÜVVƏTİN SONU (6)



Demək, tarixi məcburiyyəti keçicilik və məhdudiyyətlə bərabərləşdirərək hər bir qanun-qaydanın dəyişkənliyi üçün əsas götürmək tam yalnışdır. Tarixi məcburiyyət - iqtisadi istehsal faktoru kimi müəyyən bir faktorun dəyişərək, başqa bir faktorun onu əvəz etdiyi təqdirdə dəyişkənliklə nəticələnəcəkdir. Elə isə, insan və onun ehtiyacları, tarixə hərəkətverici qüvvələr və cəmiyyətdə hər bir amilin təsiretmə dairəsini bilməli və bununla da, faktorların hər birinin hüdudunu, hansının ölməz və davamlı, hansının qeyri-sabit və dəyişkən olmasını üzə çıxarmalıyıq.

Həqiqət budur ki, tarixi məcburiyyətin insan həyatının bütün sahələrinin dəyişkənliyi ilə eyni olması fərziyyəsi, "təkqütblü insan" fərziyyəsinin məhsuludur. Bu fərziyyəyə əsasən, insan yalnız bir orijinal qütbə malikdir, tarixin dəyişkənliyi isə, bircəhətli dəyişkənlikdir. Bu fərziyyənin tərəfdarlarına görə, hər bir dönəmdə tarixin əsas və orijinal amili iqtisadiyyatdır; sərvətlərin istehsalı və bölüşdürülməsi, fərdlərin iqtisadi əlaqələri, o cümlədən: fəhlə və kapitalist, əkinçi və feodal və s. arasındakı münasibətlər (əlbəttə ki, bunlar qeyri-sabit, dəyişkən münasibətlərdir) din, elm, fəlsəfə, qanun, etika və incəsənət kimi həyatın digər yönlərini müəyyənləşdirir. İlk olaraq dünyada geniş səs-küylə sonlanan bu fərziyyə hazırda öz əvvəlki dəyər və etibarını itirmişdir. İndi dünya və tarixi, materialistcəsinə izah edən bir çox alimlər belə, bu fərziyyəyə arxa çevirmişlər.

İnsanın, "bu naməlum varlığın neçə qütblü olması və insan tarixinin neçə qütblü fərzlə izahına dair elmi baxımdan qəti şəkildə söz deyilə bilməməsinə baxmayaraq, insanın birqütblü olmaması danılmazdır. İnsanın birqütblü olması və insan tarixinin bir xətt üzərində hərəkət etməsi fərziyyəsi, ən puç və əsassız fərziyyələrdən biridir.



back 1 next