NÜBÜVVƏTİN SONU (6)



TARİXİ MƏCBURİYYƏT (Tarixi determinizm)

İki hissədən ibarət söz birləşməsi: məcburiyyət, tarix.

Məcburiyyət qaçılmazlıq, hökmən müəyyən tərzdə olmaq, filosofların təbirincə isə zərurət və vaciblik deməkdir. Misal olaraq 5x5 zəruri və məcburi olaraq 25-ə bərabərdir, yəni hökmən belədir, bunun əksi qeyri-mümkündür. Aydındır ki, fəlsəfi məna daşıyan bu termində məcburiyyət ikrah və zor tətbiq etmə mənasında işlənən hüquqi, fiqhi və ümumi kütlənin anladığı məcburiyyətlə fərqlidir. 5x5 zor tətbiq edən, məcbur edən bir qüvvənin deyil, öz zati təbiətinin hökmünə uyğun olaraq 25-ə bərabərdir.

Tarix isə insan sərgüzəştindən ibarət hadisələr toplusudur. İnsanın həyatı müəyyən bir prosesdən keçir və onu idarə edən bir sıra qüvvələr vardır. Tikiş maşını əl ilə, yaxud fabrik buxarla işlədiyi kimi, tarix də bir sıra amillər və qüvvələrlə işləyir, idarə edilir, yüksəlir.

Demək, tarixi məcburiyyət bəşər sərgüzəştinin qaçılmazlığından ibarətdir. "Tarixin hərəkəti məcburidir" – dedikdə, bəşərin ictimai həyatında təsirli amillərin qəti, qaçılmaz təsirlərə malik olması nəzərdə tutulur; bu amillərin təsirediciliyi labüd və qaçılmazdır.

"Tarixi məcburiyyət" sözü dövrümüzdə böyük bir dəyər qazanmışdır. Hazırda bu söz, keçmişdə "qəza və qədər" sözünün ifa etdiyi rolu oynayır: olaylar qarşısında təslim olmaq üçün bir növ bəhanə və təqsirlər üçün üzrdür.

Qarşısında razılıq və təslim olmaqdan başqa bir çarə tapılmayan qaniçən aslan keçmişdə qəza və qədər idi, hazırkı zamanda isə, tarixi məcburiyyət.

Əslində, həm "qəza və qədər" və həm də, "tarixi məcburiyyət" düzgün fəlsəfi anlama malikdir; onların əsl mənalarının doğru qavranılmaması yalnış şəkildə ifadə edilmələrinə səbəb olmuşdur. İnsan və Tale kitabında qəza və qədərə dair söz açmışıq. Keçək tarixi məcburiyyətə.

Dünyanın digər olayları kimi bəşər həyatının da dəyişməz bir qanuna tabe olmasına və başqa faktorlar kimi tarixi amillərin qəti, zəruri təsirə malik olmasına heç bir söz yoxdur. Qurani-kərim də özünəməxsus deyişi ilə "sünnətullah" (Allahın sünnəsi, dəyişməz adəti) adı altında bunu təsdiqləmişdir. Ancaq söhbət bu amillərin təsiretmə formasından gedir. Görəsən tarixi amillərin məcburi təsiri hər bir şeyin keçici, məhdud və məhvə məhkum olması tərzindədir, yaxud başqa bir tərzdə?

Aydındır ki, bu, amilin növündən asılıdır. Tarixin mühərrikləri sabit və əbədi olarsa, onların məcburi təsiri müəyyən bir prosesi davam etdirmək tərzində olacaqdır. Və əksinə, keçici olduqda onların məhsul və təsirləri də keçici olacaqdır. Tarixi amillərdən biri də cinsi amildir. Sabit və dəyişməz olan bu amil daima insanları ailə qurmaq, həyat yoldaşı seçmək və övlad dünyaya gətirməyə tərəf sövq etmişdir. Bəşər tarixi boyunca ailə həyatı əleyhinə edilən inqilabların hamısı uğursuzluqla nəticələnmişdir. Niyə? Çünki tarixi məcburiyyətin əksinə həyata keçmişdir; tarixi məcburiyyət bunun yaşamasını tələb edirdi. Tarixi faktorlardan biri də din amilidir. Bəşərin daxilində pərəstişə tərəf (formasından asılı olmayaraq) meyl olmuşdur. Bu amil bütün dönəmlərdə öz rolunu ifa edərək dinə diqqətin unudulmasının qarşısını almışdır.



1 next