MƏRYƏM SURƏSI



MƏRYƏM SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Kaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu kitab həmin hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

2. (Bu surə) Sənin Rəbbinin bəndəsi Zəkəriyyaya (olan) mərhəmətinin xatırlanmasıdır.

3. O, gizli səslə Öz Rəbbini səsləyən zaman.

4. Dedi: Ey Rəbbim, həqiqətən (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam].

5. Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.

6. (Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!

7. (Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik.

8. (Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?

9. (Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur.



1 2 3 4 5 6 7 8 9 10 next