NÜBÜVVƏTİN SONU (5)



Şəksiz, dinlərin, xüsusilə də İslamın qarşılaşdığı ən önəmli məsələlə budur. Gənc nəsil dəyişiklik, yeniləşmə və zamanın tələbləri ilə ayaqlaşmaqdan başqa bir mövzu haqda fikirləşmirlər. Müasir nəsillə qarşılaşarkən ilk eşidilən söz budur. Bu nəslin ifratçılarının baxışında din və yeniləşmə iki təzadlı fenomendir: yeniləşmənin xüsusiyyəti hərəkət və keçmişə arxa çevirməkdirsə, dinin xüsusiyyəti durğunluq, sabitlik və keçmişə diqqət edərək mövcud durumu qoruyub saxlamaqdır.

Hər bir dindən daha artıq İslam bu qrupla mübarizə aparmalıdır. Çünki İslam bir tərəfdən əbədilik iddiasındadır (hansı ki bu iddianı qəbul etmək bu dəstəyə çox ağır gəlir), digər tərəfdən də insanla Allah arasındakı əlaqədən tutmuş, fərdlərin ictimai əlaqələri, ailə münasibətləri, fərd və toplum münasibətləri, insanla aləm arasındakı münasibətlərə kimi həyatın bütün sahələrinə müdaxilə etmişdir. Əgər İslam bəzi başqa dinlər kimi, bir sıra ibadətlərlə və quru əxlaqi göstərişlərlə kifayətlənərdisə o qədər də problem olmazdı, ancaq bütün bu ictimai, siyasi, hüquqi, mülki, cəza və ailə qayda-qanunları ilə nə etmək olar?

Göründüyü kimi sözügedən iradda "tarixi məcburiyyət", "tələblərin dəyişilməsi", "zamanın tələbləri ilə uyğunlaşma"dan söz açıldığından, biz məlum iradın əsas elementini təşkil edən bu üç predmet haqda qısa izah verir, daha sonra islami prizmadan problemin həllini açıqlayırıq.

Bu məqalə bir neçə səhifədə sözügedən mətləbi bütün təfərrüatı ilə şərh etmək iddiasında deyil, çünki bu məsələnin araşdırılması eyni zamanda fəlsəfə, fiqh, tarix və sosiologiya elmlərinə aid olub, uzun illərin araşdırmasının məhsulu olan geniş həcmli kitab tələb edir. Ümid  edirik ki, bu məqalədə problemin həlli yolunun əlamətlərini göstərə biləcəyik.

 



[1] Üsuli-Kafi, səh.17



back 1 next