NÜBÜVVƏTİN SONU (5)



ƏBƏDI DIN

İslam nübüvvətin sonunu elan etməklə yanaşı, öz əbədiliyini və həmişəyaşarlığını da bildirdi:

"Muhəmmədin halalı qiyamətə qədər halal və Muhəmmədin haramı qiyamətə qədər haramdır".[1]

Bu məsələ, ətrafında yaranmış suallar və iradlara görə səsli-küylü məsələlərdən biridir. Deyirlər: Məgər nəyinsə əbədiyi mümkündürmü? Dünyada hər bir şey əbədiliyin əksinədir; bu dünyanın ən əsas prinsiplərindən biri dəyişiklik prinsipidir; əbədi olan varsa, o da heç bir şeyin əbədi olmamasıdır.

Əbədiliyi inkar edənlər bəzən öz sözlərinə fəlsəfi rəng verərək, bir dəlil-sübut olaraq təbiətin ümumi qanunu sayılan dəyişiklik prinsipinə əsaslanırlar.

Məlum məsələyə yalnız bu cəhətdən yanaşarıqsa, iradın cavabı bəllidir: daima dəyişkənlikdə olan, maddə və dünyanın maddi tərkibləridir, lakin qayda-qanunları – istər təbii qanunları, sistemləri, yaxud təbii qanunlara əsaslanan ictimai qaydaları – buna aid etmək olmaz. Ulduzlar və günəş sistemi yaranaraq bir müddətdən sonra aradan gedir, fani olur, lakin cazibə qanunu həmişəki kimi öz qüvvəsindədir; bitkilər və canlılar doğulur, doğur və ölürlər, ancaq biologiyanın qanunları yaşamaqdadır.

İnsanların və onların yaşam qanunları da belədir; Peyğəmbər daxil olmaqla bütün insanlar ölür, amma onun səmavi qanunu ölməzdir, həmişəyaşardır.

مصطفی را وعده داد الطاف حقّ         گر بميری تو نميرد اين سَبَق

Təbiətdə dəyişkən olan qanunlar deyil, "fenomenlər"dir. İslam fenomen deyil, qanundur. İslam təbiətin qanunları ilə harmoniyalaşmadıqda ölümə məhkumdur, ancaq özünün iddia etdiyi kimi, insan və toplumun fitrətindən qaynaqlanar və təbiət və onun qanunları ilə uyğun olarsa, nə üçün ölməlidir?!

Lakin bəzən ictimai yöndən irad edilərək deyilir: İctimai qayda-qanunlar ictimai tələblər, ehtiyaclar əsasında təyin edilmiş şərti qanunlardır. İctimai qanunlarda əsas götürülən tələblər sivilizasiya faktorlarının inkişafı və tərəqqisi ilə dəyişirlər; hər bir əsrin tələbləri başqa bir dövrün, əsrin tələbləri ilə fərqlidir; raket, atom, təyyarə, elektrik, televizor və bilgisayar əsrinin ehtiyacları at, ulağ və dəvə əsrinin tələb və ehtiyacları ilə fərqlənir; onun indiki zamandakı yaşayış qanunlarının at, ulağ və dəvə dövrünün qanunları ilə eyni olması necə mümkündür? Başqa deyişlə, sivilizasiya amillərinin tərəqqi və inkişafı, məcburi olaraq yeni istəklər gətirir; nə "tarixi məcburiyyət"in qarşısını alaraq zamanı bir halda saxlamaq və nə də zamanın tələbləri ilə ayaqlaşmamaq olmaz. Sabit və yeknəsəq qanunlara söykənmək zamanın tələbləri ilə uyğunlaşmağa və sivilizasiya karvanı ilə ayaqlaşmağa əngəl törədir.



1 next