ƏL-KƏHF SURƏSI



ƏL-KƏHF SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur.

2. (Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).

3. Orada (onlar gözəl mükafat kimi verilmiş Cənnətdə) həmişəlik qalacaqlar.

4. Və «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün!

5. Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.

6. Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!

7. Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik.

8. Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.

9. Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)



1 2 3 4 5 6 7 8 9 10 11 next