NÜBÜVVƏTİN SONU (4)



Hansı səmavi kitab üzərində Quran qədər işlənilmişdir? Quran nazil olan kimi minlərlə Quran hafizləri yetişir. Hələ yarım əsr keçməmiş, Qurana görə ərəb dilinin sintaksis və morfologiyası yazılır, ərəb dilinin sözləri toplanır, ritorika elmi yaradılır, minlərlə təfsir, təfsirçi və təfsir sahələri meydana gəlir, Quranın sözləri birbəbir araşdırılır. Bu fəaliyyətin çox hissəsi, ərəb dilinə yad xalqlar tərəfindən həyata keçirilir. Yalnız Qurana qarşı tükənməz istək belə bir təlatüm yaradır. Niyə Tövrat, İncil və Avesta üçün bu fəaliyyətlər olmadı? Bu özü bəşəriyyətin inkişafını, yetkinliyini və onun öz səmavi kitabını qorumaq, təlim və təbliğ etmək səlahiyyətinə yetişməsini çatdırmırmı? Bu özü biliyin, təbliğ xarakterli peyğəmbərliyi əvəz etməsini sübuta yetirmirmi?

Bəşər öncəki dövrlərdə oxumaq üçün verilmiş kitabı bir neçə gündən sonra cıran məktəb uşağına bənzəyirdi. İslam dövrünün insanı isə, öz kitablarına dönə-dönə müraciət etməklə yanaşı onları son dərəcə diqqətlə qoruyub saxlayan böyük bir alim kimidir.

İnsan həyatını adətən tarix dövrü və tarixdən öncəki dövrə bölürlər. Tarix dövrü bəşərin kətibə yaxud kitab şəklində yadigarlar qoyduğu zamandan sayılır. Bu yazılar hazırda o dövrün yaşayışı haqda mühakimə yürütməyin meyarıdır; tarixdən öncəki dövr barəsində mühakimə yürütmək üçün isə o dövrdən heç bir əsər qalmamışdır.

Lakin bilirik ki, tarix dövrünün də əsərləri pərakəndə şəkildədir. Bəşərin öz tarixini və əsərlərini ardıcıl surətdə nəsilbənəsil qoruyaraq sonrakı nəslə ötürdüyü dövr İslam dininin meydana gəlməsi ilə üst-üstə düşür. İslamın özü də, bu şüuri inkişafın faktorlarından sayılır. İslam dövründə, müsəlmanlar öz əsərlərini qoruyub saxlamaq və onların köhnəlməsinin və aradan getməsinin qarşısını almaqla yanaşı, az-çox keçmiş xalqların da əsərlərini qoruyaraq sonrakı nəsillərə ötürdülər; yəni təqribən nübüvvətin sonu dövrüdür ki, bəşər elmi və dini irslərini qorumaq üçün öz ləyaqətini göstərmişdir və həqiqətdə əsl tarix dövrü İslamın meydana gəldiyi zamandır. Keçmiş dövrlərdə bir tərəfdən elmi, fəlsəfi və dini nəfis əsərlər yaranır və digər bir tərəfdən də, odda yanır yaxud suda batırdı. Tarix bu cür ağrılı-acılı əhvalatlarla doludur. Xristianlıq şərqi Roma imperatorluğuna hakim kəsildikdən sonra böyük İskəndəriyyə elmi hövzəsi dağıdıldı və onun tarixi kitabxanası xristian təəssübkeşləri tərəfindən yandırıldı.[7]

Elmin meydana gəlməsi və bəşərin öz səmavi dininin qoruyucusu, çağırışçısı, təbliğedicisi ola biləcək bir həddə yetişməsi istər-istəməz təbliğ xarakterli peyğəmbərliyə son qoydu. Məhz bu baxımdan hz. Peyğəmbər bu ümmətin alimlərini Bəni İsrail peyğəmbərləri ilə bərabər yaxud onlardan üstün sayır. İqbal Lahuri bir daha gözəl bir söz bəyan edərək deyir:

"İslam peyğəmbəri qədim aləmlə yeni aləm arasında dayanmışdır. O, ilhamının mənbəyi cəhətindən qədim dünyaya, ilhamının ruhu və məzmunu cəhətindən isə müasir dünyaya aid olur. Həyat Peyğəmbərdə idrakın yeni hərəkət xəttinə layiq olan digər idrak mənbələrini kəşf edir. İslamın gəlişi induktiv əqlin gəlişi deməkdir. İslamın meydana gəlməsi ilə risalətin (ilahi missiyanın) sona yetməsinin vacibliyinin kəşf edilməsi nəticəsində, risalət öz kamillik həddinə çatır. Bu isə öz növbəsində, həyatın daimi olaraq uşaqlıq və xaricdən idarəedilmə mərhələsində qalmamasının şüurlu şəkildə dərk edilməsinə səbəb olur. İslamda kahinliyin və irsi səltənətin ləğv edilməsi, Quranda əqlə və təcrübəyə daimi diqqət və bu aydın kitabın təbiət və tarixi, idrakın qaynağı kimi əhəmiyyətli sanması hamılıqla vahid risalət dövrünün sonu düşüncəsinin çeşidli simalarıdır... Xatəmiyyət ideyasını həyatın son dövründə əqlin tamlıqla emosiyanı əvəz etməsi kimi anlamamalıyıq. Bu nə mümkündür və nə də lazım..."[8]

 



[1] Qəsəs, 7

[2] Ənfal, 29

[3] Ənkəbut, 69

[4] Taha, 50

[5] Əla, 2 və 3

[6] Ələq, 1-5

[7] Uzun müddət belə yayılmışdı ki, bu kitabxananı müsəlmanlar Misrin fəthi zamanı yandırmışlar. Bu şayiə o qədər gücləndi ki, son dövrün müsəlmanları onu kitablarında yazdılar. Baxmayaraq ki, bu hadisə heç bir mötəbər sənəddə qeyd edilməmişdir. Son zamanlar tədqiqatçılar sübut etdilər ki, bu kitabxana təəssübkeş xristianlar tərəfindən yandırılmış və müsəlmanlara aid etmə şayiəsi isə, o dövürlə iki əsr fasiləsi olan bir xristian tərəfindən söylənilmişdir (Bax: "Sivilizasiyalar tarixi" Vil Dürant, c.11, səh.219 və məlum mövzuda qələmə alınmış "İskəndəriyyə kitabxanası" Şibli Nöman" (farsca))

[8] İslamda dini təfəkkürün dirçəldilməsi (farsca), səh.145 və 146.



back 1 2 3 4 5