NÜBÜVVƏTİN SONU (4)



                                                       ﴿رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى﴾

 Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir! (hidayət edəndir)." [4]

                                                        ﴿الَّذِي خَلَقَ فَسَوَّى وَالَّذِي قَدَّرَ فَهَدَى﴾

"O Rəbbin ki, xəlq etdi və nizama saldı. O Rəbbin ki, əzəldən müəyyən etdi və hidayət etdi (yol göstərdi)."[5]

Mövcudlar varlığın pillələrini addımlamaqla, yetişdikləri təkamül dərəcəsinə uyğun olaraq, həmin dərəcəyə xas olan hidayətdən bəhrələnirlər; yəni, hidayətin xüsusiyyəti və forması varlığın müxtəlif dərəcələrinə görə fərqlənir. Alimlər sübuta yetirmişlər ki, heyvanlar təbii quruluşca zəif olduqda, bir növ təbiətin birbaşa himayəsi sayılan gizli instinktiv hidayət baxımından daha güclü olurlar və əksinə duyğu, xəyal, və əql qüvvələri ilə təchiz olunduqca və varlığın pillələri ilə yüksəkliyə qalxdıqca, onların instinktiv hidayətləri azalır; eynilə uşaqlığının ilkin cağlarını ata-ananın birbaşa və hərtərəfli himayəsi altında olan və böyüdükcə valideynin birbaşa himayəsindən çıxaraq öz öhdəsinə buraxılan uşaq kimi. Canlıların varlığın pilləkanı ilə yüksəkliyə qalxması və bədən üzvü, duyğu, xəyal, zəka və əql baxımından təchiz edilməsi onların imkanatını və müstəqilliyini artırdığı kimi, instinktiv hidayətlərini azaldır. Deyirlər, həşəratlar instinkt cəhətdən başqa heyvanlardan daha güclüdürlər, halbuki təkamülün mərhələlərinə görə, aşağı dərəcədə yer tutmuşlar. Təkamülün ən uca pilləsində özünə yer alan insan, instinkt baxımından bütün varlıqlardan zəifdir.

 Vəhy hidayətin ən ali cilvəsi və ən yüksək dərəcəsidir. Vəhy duyğu, xəyal, əql, elm və fəlsəfə üçün əlçatmaz olan hidayətləri ehtiva edir və sadalananların heç biri vəhyi əvəz edə bilməz. Lakin belə bir xüsusiyyətə malik olan vəhy təbliğ xarakterli yox, şəriətgətirici (təşrii) vəhydir. Təbliğ xarakterli vəhy isə əksinədir.

Yalnız əql, elm və sivilizasiya dərəcəsinin, dini çağırış, təlim, təbliğ, təfsir və ictihad kimi məsələləri öz öhdəsinə götürə biləcək bir ərsəyə çatmayana kimi, bəşər təbliğ xarakterli vəhyə ehtiyaclıdır. Elm və əqlin meydana gəlməsi, başqa sözlə insanlığın inkişafı, yetkinliyi aftomatik olaraq təbliğ xarakterli vəhyə son qoyur və peyğəmbərləri alimlər əvəziləyirlər. Gördüyümüz kimi Quran nazil olan ilk ayədə oxumaq, yazmaq, qələm və elmdən söz açır:

   ﴿اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَق. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ. اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. الَّذِي عَلَّمَ بِالْقَلَمِ. عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ﴾

"Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi".[6]

Bu ayə bildirir ki, Quranın dövrü oxumaq, yazmaq, öyrətmək, elm və əql dövrüdür. Bu ayə dolayı yolla anladır ki, Quranın zamanında təlim, təbliğ və səmavi ayələri qorumaq vəzifəsi bilik sahiblərinə həvalə olunmuş və bu baxımdan alimlər peyğəmbərlərin canişinləridirlər. Quran çoxsaylı ayələrdə bəşəri təfəkkürə, düşüncəyə, təbiəti gözlə və təcrübə ilə müşahidə etməyə, tarixin səhifələrini varaqlamağa və dərin fəhmə çağırır. Bütün bunlar, nübüvvətin sonunun və elm və əqlin təbliğ xarakterli vəhyin yerini tutmasının göstəriciləridir.



back 1 2 3 4 5 next