NÜBÜVVƏTİN SONU (4)



B. Haqqdan xalqa doğru olan səfər.

Xalqdan haqqa doğru olan səfər təkcə peyğəmbərlərə xas deyil, əslində peyğəmbərlər bəşərə bu səfərdə yardımçı olmaq üçün göndərilmişlər. Peyğəmbərlərə məxsus olan səfər, haqqdan xalqa doğru olan səfərdir; yəni xalqa yol göstərmək, hidayət etmək üçün olan missiya. Peyğəmbərlik vəhdətə sövq etmək üçün çoxluğa (kəsrətə) qayıdışdır.

Sədr əl-Mütəəllihin Məfatih əl-Qeyb əsərinin 13-cü səhifəsində yazır:

"Vəhy, mələyin risalət və peyğəmbərlik məqsədilə qulağa və ürəyə nazil olması deməkdir. Bu vəhyin kəsilməsinə və bir daha mələyin enərək onu hər hansı bir əmrin icrasına məmur etməməsinə, eləcə də, "sizin dininizi tamamladım" ayəsinə əsasən, bu vasitəylə bəşərə yetişməsi gərəkən hər bir şeyin yetişməsinə baxmayaraq, ilham və işraq qapısı heç vaxt bağlanmamış və bağlanmayacaqdır, bu yolun qarşısına sədd çəkilməsi mümkün deyildir."

Bu barədə çox söz söylənilmişdir. Biz isə sözün uzanmaması üçün onlardan vaz keçirik. Əsrimizin alimləri arasında İqbal Lahuri sözügedən mövzu haqda incə sözə malikdir. İqbal peyğəmbərlə arif (onun təbirincə batin əhli) arasında fərqə dair belə deyir:

"Batin əhli Allaha qovuşmaq təcrübəsindən qazandığı rahatlıqdan, aramlıqdan sonra bu dünya həyatına qayıtmaq istəmir. Məcburi olaraq döndüyündə də, onun bu dönüşü bəşəriyyət üçün o qədər də faydalı deyil; lakin peyğəmbərin qayıdışı yaradıcılıq və təsirediciliyə malikdir. O qayıdaraq tarixin cərəyanını öz nəzarəti altına alması və bu yolla ən üstün dəyərlərdən yeni bir dünya yaratması məqsədilə, zamanın cərəyanına qoşulur. Batin əhli üçün vüsalın nəticəsi olan aramlıq son mərhələdir. Peyğəmbərin psixoloji qüvvələrinin oyanması isə aləmi silkələyir. Bu qüvvə dünyanı tamamilə dəyişdirəcək qədər dəqiqliyə malikdir... Peyğəmbərliyi, vüsal təcrübəsinin öz hədlərini aşaraq ictimai həyatın qüvvələrini yenidən istiqamətləndirməyə və ya onlara yeni forma bağışlamağa təmayüllü olan bir növ "batinən özünü tanıma" adlandırmaq olar.

Demək peyğəmbərliyin kəsilməsi, ümumi xalq və Allah yolunun yolçuları üçün mənəvi feyzin kəsilməsi deyil, yalnız hidayət üçün olan ilahi missiyanın kəsilməsidir. İslamın nübüvvətin sonunu bildirməsini bu dinin mənəvi həyatı inkar etməsi kimi başa düşmək tamamilə yalnışdır.

Təblig xarakterli peyğəmbərlik

 Digər bir sual bundan ibarətdir ki, peyğəmbərlər bütövlükdə iki vəzifəni həyata keçirirdilər: birincisi, Allah tərəfindən bəşər üçün qanun gətirirdilər; ikincisi isə, insanları Allaha və o dövrün ilahi göstərişlərinə əməl etməyə çağırırdılar, təblig edirdilər; Quranın "Ulul-əzm" (əzm sahibləri) adlandırdığı peyğəmbərlərin yalnız çox az bir hissəsi qanun, şəriət gətirmişlər. Başqa sözlə desək, peyğəmbərlik iki növdür: Şəriətgətirici peyğəmbərlik və təblig xarakterli peyğəmbərlik. Sayca az olan birinci növ peyğəmbərlər qanun, şəriət sahibi olmuşlar, təbligçi peyğəmbərlərin işi isə, şəriət sahibi olan peyğəmbərlərin təlimlərini xalqa aşılamaqdan, təblig etməkdən ibarət olmuşdur. İslam peyğəmbərliyin sonunu elan etməklə şəriətgətirici peyğəmbərliklə yanaşı, təblig xarakterli peyğəmbərlıyə də son qoymuşdur. Niyə belədir? Niyə Muhəmmədin ümməti və İslam milləti bu tip peyğəmbərlərin hidayətindən məhrum qaldılar? İslam dininin öz kamilliyinə, bütövlüyünə, tamamlığına və cahanşümulluğuna görə şəriətgətirici peyğəmbərliyə ehtiyacsızlığını fərz etsək də, təblig xarakterli peyğəmbərliyin sona yetməsini hansı hesab və fəlsəfəylə izah etməh olar?

Həqiqət budur ki, peyğəmbərliyin və vəhyin hidayətinin başlıca vəzifəsi, birinci vəzifədir (şəriət gətirmə). Təbliğ, çağırış və təlim isə, yarımbəşəri və yarımilahi bir vəzifədir. Vəhy və peyğəmbərlik - varlığın kökü ilə gizli rabitə, daha sonra isə xalqın hidayəti üçün məmuriyyət olaraq – büsbütün varlıq aləminə hakim kəsilmiş "hidayət"in bir məzhəri, inikası, cilvəsidir.



back 1 2 3 4 5 next