NÜBÜVVƏTİN SONU (4)



SƏMANIN QAPILARI

Nübüvvətin sonu ideyasının meydana gətirdiyi ilk sual, insanla qeyb aləmi ilə bağlantı barəsindədir. Necə olur ki, ibtidai insan ibtidailik və bəsitliyi ilə yanaşı, ilham və vəhy vasitəsilə qeyb aləmi ilə əlaqədə olmuş və səmanın qapıları onun üzünə açıq olmuşdur, lakin sonrakı mütərəqqi insan bu nemətdən məhrum olmuş və səmanın qapıları onun üzünə baglanmışdır? Görəsən, həqiqətən də bəşərin ruhi-mənəvi istedadları azalmış və bəşəriyyət bu baxımdan tənəzzül etmişdirmi?

Məlum şübhə bu düşüncədən qaynaqlanmışdır ki, qeyblə mənəvi-ruhi kontakt peyğəmbərlərə məxsus olub və nübüvvətin kəsilməsi, qeyb aləmi ilə insan dünyası arasında hər növ mənəvi, ruhi əlaqənin kəsilməsi deməkdir.

Lakin bu düşüncə, tam əsassızdır. Qurani-kərim də qeyb və mələkutla əlaqənin yalnız nübüvvət məqamına məxsus olduğunu qəbul etmir. Necə ki, xariquladə işləri təklikdə peyğəmbərliyə dəlil bilmir. Qurani-kərim, "nəbi" olmayan lakin, güclü mənəvi həyata malik olan, mələklərlə həmsöhbət olan və qeyri-adi işlərin sahibi olan insanlardan söz açır. Bunun ən bariz nümunəsi İmranın qızı İsa Məsihin anası Məryəmdir. Quran bu şəxsiyyətin barəsində heyrətamiz dastanlar nəql edir. Quran Musanın da anası barəsində buyurur:

﴿وَأَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى أَنْ أَرْضِعِيهِ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي إِنَّا رَادُّوهُ إِلَيْكِ﴾

"Biz Musanın anasına vəhy etdik ki: "Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracağıq!".[1]

Bildiyimiz kimi nə İsanın anası və nə də Musanın anası peyğəmbərdir.

Həqiqət bundan ibarətdir ki, qeyblə kontakt yaratmaq, mələkuti həqiqətlərin əyani şahidi olmaq, qeybi ilhamları eşitmək və bir sözlə, qeybdən "xəbərdar olmaq" nübüvvət deyil; nübüvvət "xəbər gətirmək"dir, lakin, "hər xəbərdar olan, xəbər gətirən deyildir". Quran, ilham qapısını, öz batinlərini paklaşdıran hər bir şəxsin üzünə açıq olduğunu söyləyir:

                                                                    ﴿إِن تَتَّقُواْ اللّهَ يَجْعَل لَّكُمْ فُرْقَاناً﴾

"Əgər Allahdan qorxsanız (təqva sahibi olsanız), O sizə haqla-nahaqı ayırd edən bir nur verər".[2]



1 2 3 4 5 next