Ən-Nəhl surəsi ‏



Ən-Nəhl surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. (İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.

2. Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»

3. Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.

4. İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).

5. Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.

6. Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.

7. Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli və mehribandır.

8. Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.

9. Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 next