NÜBÜVVƏTİN SONU (3)



﴿وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَ أَنَا مَعَكُم مِّنَ الشَّاهِدِينَ﴾

"O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", - deyə buyurmuşdu![3]

Peyğəmbərliklərin fasiləsiz olaraq bir-birinin ardınca gəlməsi onu göstərir ki, nübüvvət, təkamülə doğru tədrici-zəncirvari bir hərəkətdə olmuş və nübüvvətin son halqası, onun ən uca zirvəsidir. İslam arifləri deyir: "əl-Xatəmu mən xətəməl-məratibə biəsriha" yəni, xatəm o peyğəmbərdir ki, bütün mərhələləri qət etmiş və vəhy baxımından gedilməmiş yol və kəşf edilməmiş nöqtə qoymamışdır. Fərz etsək ki, hər hansı bir elmlə bağlı bütün məsələlər kəşf olarsa, artıq yeni araşdırma və tədqiqə yer qalmayacaqdır. Vəhyin öhdəsinə olan məsələlər də eynilədir; son ilahi göstərişlərin kəşf edilməsi ilə, yeni bir kəşf, yeni bir peyğəmbər üçün yer qalmır. Peyğəmbərimizin mükaşifəsi[4], bir insanın imkanı əhatəsində olan ən kamil mükaşifə və onun ən son mərhələsidir. Aydındır ki, bundan sonrakı bütün mükaşıfələr yeni bir mükaşıfə olmayacaqdır; qət edilmiş yolu bir daha getmək kimi, yeni mətləbə malik olmayacaq və son söz həmin mükaşifədə özünə yer almış söz olacaqdır:

                                  ﴿و َتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu (kamil oldu). Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, eşidəndir, biləndir![5]

Mərhum Feyz Kaşani "Elm əl-Yəqin" əsərinin 105-ci səhifəsində, alimlərin birindən belə nəql edir:

"Bəşər fitrətində hədəf, məqsəd Allaha qovuşma məqamına çatmaqdır. Bu isə peyğəmbərlərin bələdçiliyi, yol göstərməsi olmadan reallaşan deyil. Bu üzdən peyğəmbərlik varlıq sisteminin bir hissəsinə çevrilir. Şübhəsiz ki, burada peyğəmbərliyin ilk dərəcəsi deyil, onun ən ali və son mərtəbəsi nəzərdə tutulur. İlahi ənənəyə görə, bir binanın tədricən ucaldığı kimi nübüvvət də tədricən kamilləşir. Binanın tikilməsində məqsədin sütunlar və divarlar deyil, tikilinin tam forması olduğu kimi, nübüvvət də eynilə belədir; hədəf onun tam, kamil formasıdır və buradadır ki, nübüvvət sona yetərək əlavəlik qəbul etmir, çünki kamilliyə nəyisə əlavə etmə kamillik üçün nöqsan sayılır, bu insanın əlindəki artıq barmağa bənzəyir. Hz. Peyğəmbər öz məşhur hədisində bu mənaya toxunaraq buyurur: Nübüvvət tikilmiş, lakin bir kərpicin (son kərpicin) yeri boş qaldığı evə bənzəyir. Mən o son kərpicin yerindəyəm, yaxud mən o son kərpici yerinə qoyan şəxsəm."[6]

Qeyd edilən bəyanlar, islami təfəkkürlər arasında nübüvvətin sonu düşüncəsinin uzaqdan görüntüsünü rəsm edə və onun rüknlarını, bazisini təqdim edə bilər.

Demək, bəlli oldu ki, nübüvvətin sonu ideyası bu bazis üzərində qurulmuşdur ki, əvvəla, dinin özəyi bütün bəşərin fitrətində qoyulmuşdur, bütün bəşərin fitrəti eynidir, bəşərin təkamülü məqsədyönlü bir proses olub, bəlli və düz xətt üzərindədir; bu baxımdan fitri istəkləri bəyan etməkdən və bəşəri düzgün yola istiqamətləndirmək, hidayət etməkdən ibarət olan dinin həqiqəti vahiddir.

İkinci bir tərəfdən hər hansı bir layihə yalnız fitri, universal və ümumi olarsa, təhrifə uğramazsa, icra mərhələsində gözəl şəkildəəyyənləşdirilib tətbiq edilərsə, həmişəlik olaraq istiqamətləndirici, faydalı və bütün kiçik layihələrin, planların, qanunların anası sayıla bilər. Gələcək bəhslər bu mətləbi daha da aydınlaşdıracaqdır. İndisə, sözümüzün əvvəlində işarə etdiyimiz suallar ətrafında araşdırma və cavablara başlayırıq.



back 1 2 3 4 5 6 next