NÜBÜVVƏTİN SONU (3)



PEYĞƏMBƏRLIYIN SONU

Odur ki, hər hansı bir dövrün, qövmün dərmanı başqa zaman və qövm üçün dərd və bəlaya çevrilir. Risalətlərin müxtəlif və bəzən zahirən təzadlı cilvələnməsinin səbəbi də elə budur: biri müharibə, başqa birisi sülh peyğəmbəri olur, biri məhəbbət, digəri isə, qəzəb peyğəmbəri olur, biri inqilabi, o biri isə mühafizəkar, biri ağlar peyğəmbər, digəri isə gülərüz olur. Bu peyğəmbərlərin təlimlərinin müvəqqəti olmasının səbəbi məhz budur. Şübhəsiz bu risalətlər, metod baxımından yaranan bütün bu təzadları ilə yanaşı, hədəf baxımından ixtilafsız, təzadsızdırlar; hədəf vahiddir: müvazinət halına qayıdaraq ana xəttə düşmək.

Qurani-kərim peyğəmbərlərin əhvalatlarını nəql edərkən göstərir ki, onların hər biri yaranışın başlanğıc və sonu ilə ilgili müştərək təlimlərlə yanaşı, hərəsi xüsusi, spesifik bir məsələni vurğulamış və xüsusi bir proqramı həyata keçirməyə təhkim edilmişlər. Bu mətləb Quran əhvalatlarını oxumaqla tam aydın olur.

Bəzən ictimai islahatçıların yaratdığı təhlükə də elə buradan qaynaqlanır ki, ifratçı və ya təfritçi, sağa, yaxud sola meylli bir toplumda meydana çıxaraq müqəddəs bir mübarizəyə əl atırlar, lakin müəyyən bir proqramın icrasının yalnız məhdud zamanda mümkün olmasını unudurlar. İfratçı və ya təfritçi, sağçı ya solçu cəmiyyətlə mötədil vəziyyət yaranana qədər mübarizə aparmaq lazımdır. Bundan artıq mübarizə isə özü başqa bir tərəfdən cəmiyyətin süqut və sapqınlığının amilidir.

Bu açıqlamadan sonra, barəsində söz açdığımız ayənin mənasına yaxınlaşa bilərik.

İslam peyğəmbərinin risaləti başqa bütün risalətlərlə bununla fərqlənir ki, proqram deyil, qanun tipindəndir; bu risalət bəşəriyyətin əsas qanunu, konstitusiyasıdır; ifratçı və ya təfritçi, sağçı və ya solçu bir topluma xas deyil.

İslam, bütün sahələrdə xırda və aktiv planları, platformaları ehtiva edən, ümumi, hərtərəfli, mötədil bir platformadır. Müəyyən bir toplum üçün, Allah tərəfindən xüsusi bir proqramın göndərilməsi kimi işləri keçmişdə peyğəmbərlərin öhdəsinə idisə, İslam dönəmində, bu işi ümmətin alimləri və rəhbərləri həyata keçirməlidirlər, bu fərqlə ki, alimlər və islahatçılar islami vəhyin tükənməz qaynaqlarından istifadə edərək, xüsusi bir proqramlar tənzim edir və onu icraya qoyurlar.

Quran, müxtəlif azgınlıqlarla mübarizə və balansa qayıtmadan ibarət olan digər səmavi kitabların müvəqqəti və məhdud təlimlərinin ruhunu əhatə etmişdir. Bu baxımdandır ki, Quran özünü, digər kitabların hafizi, qoruyucusu ("muhəymin") adlandırır:

                                       ﴿ وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ﴾

Biz bu kitabı sənə haqq olaraq, özündən əvvəlki bütün ilahi kitabları təsdiq edən və onu qoruyan olaraq endirdik.[1]



1 2 3 4 5 6 next