İBRAHIM ‏SURƏSI



İBRAHIM SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Qur’an dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.

2. O Allah ki, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə edilməsi və sonda yox edilməsi Onun istək və iradəsindən asılıdır). Çətin əzaba görə vay və ölüm olsun kafirlərə!

3. O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.

4. Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!

5. Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.

6. Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allahın sizi fironçulardan u sizə pis işgəncələr verən, oğlanlarınızı kütləvi şəkildə qətlə yetirən və qadınlarınızı (xidmət etmək üçün) diri saxlayanlardan nicat verən zaman sizə olan nemətini xatırlayın. Bu işdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».

7. Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir.»

8. Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər).»

9. Məgər sizdən qabaqkıların – Nuh, Ad və Səmud qövmünün və onlardan sonra olub (sayları və hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid və öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun və ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) və dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik və həqiqətən biz sizin, tərəfinə çağırdığınız şey (tovhid və bütlərin batil olması etiqadı) barəsində tərəddüd doğuran və qaranlıq bir şəkk içərisindəyik (din və kitabınızı inkar edir, tovhid barəsindəki dəlillərinizi qənaətbəxş saymırıq).»



1 2 3 4 5 next