ƏR-RƏD SURƏSI



ƏR-RƏD SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Qur’anın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.

2. Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Qur’anda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız.

3. Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (və heyvanlardan, bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır.

4. Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.

5. Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.

6. Onlardan qabaq (keçmiş ümmətlərə) ibrətamiz bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər. Həqiqətən sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir.

7. Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.

8. Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır.

9. Gizlini və aşkarı biləndir və O, hər bir şeydən və vəsfdən böyük və üstündür.



1 2 3 4 next