HUD SURƏSI



HUD SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm arasında olan rəmzlərdir. Bu Qur’an) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, hökmlər, əxlaqi göstərişlər və digər müxtəlif maariflərlə) ətraflı şəkildə izah edilmiş bir kitabdır.

2. (Mənim dəvətim bundan ibarətdir) ki: «Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən mən Onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm.»

3. «Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram.»

4. Qayıdışınız (əvvəlcə Bərzəxə, sonra Qiyamətə və daha sonra daimi nemət və ya əzab məkanına daxil olmaqla) Allaha tərəfdir və O, hər şeyə qadirdir.

5. Bilin ki, onlar (müşriklər Qur’anı eşidən zaman) Peyğəmbərdən gizlənmək üçün sinələrini bükürlər [və Allahı yada salmaqdan yayınmaq üçün qəlblərini (Qur’ana diqqət etməkdən) yayındırırlar]. Bilin! Allah onlar öz paltarlarını başlarına və bədənlərinə bükəndə və ya yatarkən yorğanı başlarına çəkən zaman onların gizlətdiklərini də və (dillə) aşkar etdiklərini də bilir. Həqiqətən O, sinələrdəki (ürəklərdəki) sirləri biləndir.

6. Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.

7. Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.

8. Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir.

9. Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.



1 2 3 4 5 6 7 8 9 10 11 12 next