YUNUS ‏ SURƏSI



YUNUS SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Ra. (Mən hər şeyi görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd – səlləllahu əleyhi və alihi və səlləm – arasında rəmzlərdir.) Bu surə hikmət öyrədən kitabın ayələridir. (Qur’anın, ya Lövhi-Məhfuzun ayələridir ki, elmlərə, şər’i hökmlərə və əqli bilgilərə malikdir.)

2. Yoxsa insanlara (mələklərdən və cinlərdən deyil) özlərindən olan bir kişiyə «insanları (küfr, şirk və fisqdən) qorxut və iman gətirənləri Rəbbi yanında onlar üçün gözəl keçmiş, doğru məqam və layiqli mükafatın olması ilə müjdələ» (deyə) vəhy etməyimiz təəccüblüdür? (Buna görə də) kafirlər dedilər: «Doğrudan da bu (kişi) aşkar bir sehrbazdır».

3. Həqiqətən sizin Rəbbiniz göyləri və yeri altı gün(ə bərabər olan bir müdət)də (yaxud altı gecə və gündüzdə, ya da altı mərhələdə) yaradan, sonra taxta (qüdrət və tədbir taxtına) hakim olan Allahdır. İşi (yaradılış işini) daim (səbəb-nəticə qanunu əsasında) idarə edir. (Dünyanın səbəb və nəticələri arasında) Onun izni olmadan heç bir şəfaətçi (vasitə) yoxdur. Budur Rəbbiniz olan Allah. Buna görə də Ona ibadət edin. Heç öyüd-nəsihət almırsınız?

4. Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur. Kafirlər üçün küfrlərinin cəzası olaraq qaynar sudan ibarət içki və ağrılı bir əzab vardır.

5. Günəşi işıqlı və ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə onun üçün (yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır.

6. Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə və ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır.

7. Həqiqətən Bizim görüşümüzə ümidi (axirət aləminə imanları) olmayan və dünya həyatına şad olaraq ona ürək bağlayan, həmçinin Bizim ayələrimizdən (müşahidə aləminin yaradılış və əzəmətli kitabın tərtib edilmiş ayələrindən) qafil olan kəslər –

8. onların qalacaqları yer qazandıqlarının (qəlbləri ilə qazandıqları nalayiq əqidələrin və əlləri ilə qazandıqları günahların) cəzası olaraq oddur.

9. Şübhəsiz, iman gətirib yaxşı işlər görən kəsləri Rəbbi imanlarına görə (Öz yanına) hidayət edər (və axirətdə) nemət dolu bağlarda onların (ağaclarının və saraylarının) altından çaylar axar.



1 2 3 4 5 6 7 8 9 10 11 next