ƏL-ƏNFAL SURƏSI



ƏL-ƏNFAL  SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».

2. Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.

3. Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.

4. Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.

5. (Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarması kimidir.

6. Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!

7. Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi.

8. (Buna görə də sizi silahlı dəstə ilə üzləşdirdi) ki, günahkarların xoşuna gəlməsə belə, haqqı bərqərar və batili məhv etsin.

9. O zaman (Bədr müharibəsi meydanında) Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, (Allah) sizin duanızı qəbul etdi ki: «Mən mütləq sizə arxaları ilə minləri gətirən min mələklə kömək edəcəyəm (və mələklərin sayı ümumilikdə üç min oldu ki, beş minə qədər nəzərdə tutulmuşdular. Ali-İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin).



1 2 3 4 5 6 7 next