ALI-İMRAN SURƏSI



ALI-İMRAN SURƏSI

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və heç kəsin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lam (Cəbrail) vasitəsi ilə Mimə (Muhəmmədə-səlləllahu əleyhi və alihi və səlləm) təlqin olunmuşdur. Bu kitabın möhkəm və bu cür mütəşabih (neçə cür yozulan, təfsir oluna bilən) ayələri vardır.)

2. Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.

3. Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi,

4. bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi. Şübhəsiz, Allahın ayə və nişanələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətli və intiqam sahibidir.

5. Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.

6. Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.

7. Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun tə'vilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.

8. (Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»

9. «Ey Rəbbimiz, həqiqətən Sən, barəsində heç bir şəkk-şübhə olmayan gündə insanları bir yerə toplayansan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz.»



1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 next