ƏXLAQ VƏ ICTIMAI HƏYAT



İctimai əxlaq mövzusunda ilk sual içtimai həyatın öz dəyəri barəsindədir. İslam baxımından içtimai həyat hansı dəyərləri özündə daşıyır ki, əxlaq mövzusunda yer alır? Cəm halında yaşamağı da içtimai əxlaqdan hesab eləmək olarmı? Və ya cəm halında yaşamağın dəyər yükü olmadığı üçün onu əxlaq mövzusundan xaric hesab etməliyik?

Cavab olaraq deməliyik ki, bu mövzu barədə hökm çıxarmaq bizim bir məsələni aydınlaşdırmağa bağlıdır. O da budur ki, biz ictimai həyatı insan üçün ixtiyari bir iş bilək və ya qeyri-ixtiyari cəbri hesab edək? Əgər ictimai yaşamaq insanın öz ixtiyarı ilə olsa, yəni belə bir yaşayışı istəsə, onu yaşaya bilsin, əgər istəməsə, cəmiyyətdən uzaqlaşa bilsin, belə olan surətdə cəm halında yaşamağa özü də əxlaqi mövzuda yer tutacaqdır. Əgər ictimai həyat cəbri olsa, yəni heç kim cəmiyyətdən kənar fərdi həyat yaşaya bilməsə, belə olan surətdə cəm halında yaşamağın mövzusu əxlaqi mövzudan çıxmış olur.

Çünki söylədiyimiz kimi istər müsbət olsun, istərsə də mənfi əxlaqi dəyərlər ixtiyari işlərə aid olur.

Deməli, yuxarıdakı sualın cavabı ilə yanaşı başqa bir sual da ortaya çıxır və bu sualın cavabı əxlaqi məsələlər çərçivəsində araşdırılmır. Bu artıq başqa bir elmin müzakirə mövzusu olmalıdır. Sual budur ki, insan öz içtimai həyatında, bu həyatı yaşamaqda azaddır, yoxsa məcbur? Biz bu sualı cəmiyyətlə bağlı bəhslərimizdə müzakirə edəcəyik. Amma hal-hazırda müqəddimə qismində də olsa işarə etmək məcburiyyətindəyik.

Bəzi qərb mütəfəkkirləri içtimai yaşayışı icbari bir iş kimi qəbul etmişlər. Sosialogiya elmində bununla əlaqədar müxtəlif fikirlərə rast gəlmək olar. Onların arasında ictimai həyatı təbii zərurət kimi qəbul edənlər də var. Bəzi mütəfəkkirlər daha irəli gedərək belə bir fikir səsləndirmişlər ki, tək bir fərdin cəmiyətlə yanaşı götürüləndə özlüyündə heç bir əsaləti yoxdur. Fərd cəmiyyətlə müqayisədə bədəndə olan bir hüceyrə kimidir. İnsanın kimliyi, şəxsiyyəti, həyatı onun ümumi bədəninə bağlı olduğu kimi fərdin də kimiliyini cəmiyyətdən qıraq hesab etmək olmaz və ya belə demişlər: “Fərdin vücudu ağacın, onun budaqlarının və yarpaq topalarının arasında olan tək yarpaq kimidir”. Bu kimi təşbehlərdə fərdin cəmiyyətə hansı həddə bağlı olduğunu göstərməyə çalışmışlar. Bununla fərdin cəmiyyətə tabe olduğunu, özlüyündə heç bir istiqlalı olmadığını, həqiqi əsalətin cəmiyyətdə olduğunu isbatlamağa cəhd etmişlər. Bu nəzəriyyənin tərəfdarları sonda belə bir fikirlə razılaşmışlar ki, fərd cəmiyyətin içərisində bir növ məhdud istiqlala sahib ola bilər. Amma onun bu müstəqilliyi, yəni özünü bu cəmiyyətdən ayırması ağacdan qopub düşmüş yarpaq kimidir. Və ya insan bədənindən kəsilib atılmış üzv kimidir. Təbii olaraq kəsilib atılmış üzv qısa zaman fasiləsində çürüyüb məhv olacaqdır. Fərd də cəmiyyətlə müqayisədə eyni hökmü daşıyır. Elə ki, cəmiyyətdən ayrıldı, ölü varlığa çevriləcəkdir. Əgər diri qalsa belə onun həyatı adi bir heyvanın həyatından yaxşı olmayacaqdır.

Söylədiyimiz bu fikirlər onun fəlsəfi mənasında cəmiyyəti əsas götürənlərin baxışlarıdır. Təbii ki, bu baxışlar ifrat həddədir və islami baxışlarla üst-üstə düşmür. Əgər kimsə fərdin vücudunu dəqiqən bədəndəki bir hüceyrə və ya ağacın yarpağı kimi təfsir etsə, mənası bu olacaq ki, ictimai həyat fərd üçün təbii bir zərurətdir. Onun başqa cür yaşamaq yolu oxdur. Bu düşüncə ilə biz məsələni əxlaq dairəsində həll edə bilmərik. Deyə bilmərik ki, fərd cəmiyyətdə olsun və ya olmasın. Çünki insan məhz insani yöndən əgər sağ qalmaq istəsə, yaşamaq istəsə, cəmiyyətin işərisində olmalıdır. Biz öz yerində bu həqiqəti isbat etmişik. Bu bəhsimizdə məsələyə mövzunun bir əsli kimi yanaşaraq deyirik ki, ictimai həyat az-çox fərd üçün ixtiyari bir işdir. Hər bir fərd müstəqil varlıq olub müstəqil ruha malikdir. Hər fərdin öz istəyi, öz qərarı var və həyatda özü seçib bəyəndiyi yolu tuta bilər. İstəsə həyatını digər insanlarla birgə münasibət şəraitində qura bilər, istəsə əlaqələri kəsib fərdi şəkildə yaşaya bilər.

Fərdin vücudu cəmiyyətin vücudu ilə orqanik bağlılıq təşkil etmir. Yuxarıdakı misallarda göstərildiyi kimi fərdin vücudu bədəndəki bir hüceyrə və ya ağacın yarpağı kimi orqanik bağlılığa məhkum deyil. Fərd yarpaq deyil ki, əgər cəmiyyətdən ayrılsa, bu ayrılıq onun həyatına son qoysun. Fərd muxtar varlıqdır, müstəqil həyata sahibdir. O, öz ixtiyarı, seçimi ilə cəm halında da yaşaya bilər, fərdi həyat tərzini də seçə bilər. İnsanın cəmiyyətdəki nəzərdə tutub bu məsələni əxlaq elminin müzakirə obyektinə çevirmək olmaz.

Beləliklə, biz ictimai əxlaq mövzusunda bəhsə daxil olmazdan öncə bir məsələni araşdırmalıyıq: İctimai həyatın əxlaqi baxımdan nə kimi dəyəri vardır? Belə bir həyat yaxşıdır yoxsa pis? Həmçinin belə bir sualı da aydındınlaşdırmalıyıq: Əgər cəmiyyət içərisində yaşayırıqsa, kimlərlə oturub-durmalıyıq və ya kimlərlə əlaqə qurmalıyıq?

Bütün bunlar müəyyən həddə insanın ixtiyarındadır və əxlaq elmində araşdırılır. Amma qeyd etməliyik ki, bu məsələlərdə insanın ixtiyarı eyni cür deyil. Məsələn: Biz öz nəfəs alıb verməyimizdə də ixtiyar sahibiyik, amma nəfəs almaqda olan ixtiyarımız eyni deyil. Biz əllərimizi ürəyimiz istədiyi şəkildə hərəkət etdirə bilirik. Amma nəfəsimizimüəyyən hədd daxilində saxlaya bilərik. Nəfəs bir həddən sonra qeyri-ixtiyari bizi onu buraxmağa vadar edir. Deməli, nəfəs almaq müəyyən həddə zəif də olsa, bizim ixtiyarımızdadır. Yəni ürəyin hərəkətindəki kimi deyil. Ürəyin işləməsində bizim heç bir ixtiyarımız yoxdur. Nəfəs almaqda azacıq ixtiyar sahibi olmağımız onun əxlaqi çərçivədə müzakirə olunmasına imkan verir. Yəni əgər kimsə ixtiyari olaraq  nəfəsini saxlasa, bu yolla özünü intihara cəhd etsə, bu iş intihar adlanacaq və əxlaqi baxımında haram sayılacaqdır.

Bütün söylədiklərimiz bir açıqlama idi. Onu açıqlamaq istəyirik ki: Bütün işlərdəki ixtiyar dərəcəsi fərqlidir. Bu baxımdan onların əxlaqi yönləri də fərqli olmalıdır. İxtiyari işlər müəyyən hüddudda insanı ixtiyarında olduqları səbəbilə əxlaq elminin müzakir obyekti ola bilərlər.



1 next