ADƏM PEYĞƏMBƏR (Ə) VƏ ONUN YARANMASI



ADƏM PEYĞƏMBƏR (Ə) VƏ ONUN YARANMASI

            Allah taala yer üzünün torpaq və sularından hazırlanmış palçıqdan,öz qüdrət əliylə Adəmin bədənini yaratdı.Rəvayətlərdə deyilir ki, Adəm "qabıq və ya dəri "mənasını verən "Ədim" sözündən əmələ gəlib. Çünki Adəmin bədəni yerin qabığından yığılmış palçıqdan yaranmışdır: ona acı, şor və şirin sular qarışmışdır: Odur ki, onun gözünün suyu şordur: belə olmasaydı, göz bəbəyinin piyi əriyərdi.Onun qulaqlarına yığılan şirə acıdır: belə olmasaydı, ora xırda həşərat girərdi. Burunun içindəki rütubət bəd iylidir: belə olmasaydı, insan xoş iyləri duymazdı. Həmçinin ağızın suyu şirindir: belə olmasaydı, insan yemək və içməkdən ləzzət ala bilməzdi.

            Adəmin bədənini yaratdıqdan sonra Allah- Taala öz xəzinəsindən olan ruhdan üfürdü. Adəm bu ruhdan cana gəlib dirildi. Sonra asqırıb dedi: "əlhəmdulillah"-yəni "həmd olsun Allaha".Allah Taala buyurdu: "yərhəmükəllah"-yəni Allah sənə rəhm edər".

            Allah Taala mələklərə əmr elədi ki, Adəmə səcdə etsinlər. Onlar səcdə etdilər, lakin iblis səcdə etməkdən imtina edib dedi ki, məni oddan yaratmısan, Adəmi isə palçıqdan xəlq eləmisən. Od palçıqdan şərafətli olduğu üçün mən Adəmə səcdə etmirəm.

            Qeyd edirik ki, burada Adəmə səcdə etmək, ona tabe olmaq mənasındadır. Yoxsa səcdə həmişə Allah Taalaya edilir və ondan qeyrisinə səcdə etmək caiz deyil.

            İblis odu palçıqdan şərafətli hesab edərək özü də xəta qıldı, çünki od ağacdan yaranır, ağac isə özü də torpaqdan göyərib çıxır.

            Adəmi yaratdıqdan sonra, Allah Taala Həvvanı yaratdı. Bu barədə müxtəlif rəvayətlər var: Bəzi rəvayətlərdə deyilir ki, Adəmin yarandığı palçığın artığından Həvva yaranmışdır. Digər xəbərlərdə deyilir ki, Adəm yuxuda ikən Cəbrail onun sol tərəfindən bir qabırğasını çıxarıb ondan Həvvanı yaratdı. Bu xəbər daha çox qüvvəlidir. Çünki Həzrət rəsul (s) qadınlar haqqında buyurub: "nə etməli, əyri sümükdən yaranıblar, düzəltmək istəsən sınarlar". Bu xəbərə qüvvə verən bir də Həvva sözünün özüdür ki, "həyy" sözündən əmələ gəlib,ərəbcə "diri" deməkdir, yəni o diridən yaranmışdır.

            Adəm yaranıb cana gəldikdən sonra Allah Taala yuxunu ona müsəllət elədi. O, şirin yuxuya getdi.

            Adəm yuxudan oyandıqda Həvvanı gördü və özünə oxşar bir vücud olduğu üçün ona meyl etdi. Allah Taalanın əmriylə onları cənnətə aparıb tapşırdılar ki, orada olan bütün nemətlərdən yeyib-içə bilərlər, yalnız bir ağaca "Şəcərəyi-Mənhiyyə"deyirlər, yəni "nəhy edilmiş ağac" Onun hansı ağac olması Quranda aşkar deyilmir. Xəbərlərdə mextəlif meyvələrin adı çəkilir: onlardan biri də buğdadır ki, məşhur olub.

            İblis Adəmə səcdə etmədiyi üçün lənətləndiyindən, Adəmə möhkəm ədavət bəsləmişdi. O, bir hiylə ilə cənnətə daxil olub Həvvaya dedi ki, "Şəcərəyi-Mənhiyyə" meyvəsindən hər kəs yesə, cənnətdə əbədi qalar. Sizin buruda əbədi qalmağınızı istəmirlər, ona görə də bu ağacdan nəhy ediblər. Həvva Cənnətdə əbədi qalmaq arzusu ilə İblisin iğvasına inanıb o ağacın meyvəsindən yedi, Adəmə də yedirtdi.



1 2 3 next