NÜBÜVVƏTİN SONU (2)



"Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın!"[4]

İnsanın təkamülü bir sıra faktorların (o cümlədən sənaye, ictimai və iqtisadi amillərin) təsiri altında daima istiqamətini dəyişən və hər bir dövrdə ayrı bir yol üzərində hərəkət edən proses deyil.

Quranın israrla dini vahid bilməsi, ancaq bir magistral yolu tanıması və qanunların, şəriətlərin müxtəlifliyini bu magistralın içərisindəki xətlərə aid etməsi sözügedən fəlsəfi prinsipə əsaslanır.

Bəşər öz təkamül yolunda, müəyyən məqsədə tərəf hərəkət edən, lakin yolu tanımayan karvana bənzəyir; müəyyən məsafədən bir, yolu tanıyan biriylə rastlaşır və ondan aldığı nişanələrlə onlarla kilometr yolu qət edərək, bir daha yeni bələdçiyə ehtiyaclı olduğu yerə yetişir; ondan nişanə almaqla qarşısında yeni üfüq açılır və bu əlamətlərlə əlavə onlarla kilometr yolu qət edir; bu minvalla tədricən özü öyrənmək qabiliyyəti əldə edərək yolun ümumi xəritəsini sahibindən əxz edir və bu xəritəni əldə tutaraq birdəfəlik yeni bir bələdçiyə ehtiyacı kəsilir.

Quran bəşər yolunun konkret, düz bir yol olmasını və bütün peyğəmbərlərin insanlara yol göstərərkən zaman və məkan şəraiti baxımından fərqlilikləri ilə yanaşı, eyni məqsədə, eyni yola hidayət etmələrini bildirərək xatəmiyyət ideyası üçün zəmin hazırlayır və onun digər rüknlərindən birini izah edir; çünki xatəmiyyət o zaman məntiqli olacaqdır ki, təkamüldə olan dəyişkən bəşərin hərəkət yolu düz və onun müəyyən edilməsi mümkün olsun; lakin bəşərin özü qeyri-sabit, hər an bir nöqtədə olduğu kimi, onun hərəkət xətti də daima dəyişikliyə məruz qalsa və sonda məqsəd bilinməzsə və zamanın hər bir parçasında başqa-başqa yollarda hərəkət etsə, aydındır ki, nübüvvətin sonu (yəni ümumi, daimi bir xəritənin, proqramın mənimsənilməsi) ağlabatan və məntiqli olmayacaqdır.

Bəqərə surəsi 143-cü ayədə belə gəlmişdir:

                           ﴿وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا﴾

"Beləliklə də, sizi mötədil bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun."

Qurana görə həqiqi İslam ümməti, mötədil və orta bir ümmətdir. Aydındır ki, mötədil və orta bir ümmət, öz növbəsində mötədil və orta bir təlimlərin yetişdirməsidir. Məlum ayə, son ümmətin və son təlimin məziyyət və xüsusiyyətini bir kəlmədə bildirir: Mötədillik, orta olmaq (ifrat və təfritə varmamaq).

Burada bir sualla qarşılaşırıq. Məgər digər peyğəmbərlər, mötədil təlimlərə malik deyildirlərmi? Bu sualın cavabında aşağıdakı mətləbə işarə etməyimiz labüddür:



back 1 2 3 4 5 next