NÜBÜVVƏTİN SONU (1)



"Bu gün onların ağızlarını möhürləyirik və onların əlləri Bizimlə danışar və etdikləri əməllər barəsində ayaqları şəhadət verər."

Əhzab surəsinin 40-cı ayəsinin deyiliş tərzi özü bunu çatdırır ki, bu ayə nazil olmazdan əvvəl də İslam Peyğəmbəri vasitəsilə, peyğəmbərliyin sona çatması müsəlmanlar arasında tanınmış bir məsələ idi. Müsəlmanlar Muhəmmədi "Rəsulullah" olaraq tanıdıqları kimi, "Xatəm ən-nəbiyyin" kimi də tanıyırdılar. Bu ayə sadəcə xatırladır ki onu, filan şəxsin atalığı kimi deyil, Rəsulullah və Xatəm ən-nəbiyyin kimi səsləyin.

Bu ayə təkcə peyğəmbərliyin sonu əqidəsinin özəyinə işarə edir və ona yeni bir şey artırmır.

Hicr surəsi 9-cu ayədə belə gəlmişdir:

 ﴿إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ﴾

"Şübhəsiz ki, bu kitabı Biz nazil etdik və sözsüz ki, Biz də onun qoruyucusuyuq!"

Bu ayədə misilsiz qətiyyətlə Quranın təhrif və dəyişiklikdən kənarda qalmasından söz açılmışdır.

İlahi missiyanın (risalətin) dəyişməsinin və yeni peyğəmbərlərin gəlişinin səbəblərindən biri də, peyğəmbərlərin təlimlərində və müqəddəs kitablarında baş verən dəyişikliklərdir. Bu cəhətdən artıq o kitablar və təlimlər xalqın hidayəti üçün öz səlahiyyətini əldən vermişdir. Çox vaxt peyğəmbərlər unudulmuş adətlərin dirçəldicisi və qabaqkıların dəyişdirilmiş təlimlərinin islahedicisi olmuşlar.

Bundan əlavə, bir çox peyğəmbərlər kitab, şəriət-qanun sahibi olmayıb, yalnız kitab və şəriətə sahib olan bir peyğəmbərin davamçısı olmuşlar. Nümunə olaraq, İbrahimdən Musanın zamanına qədər və Musadan İsaya qədər gəlmiş peyğəmbərləri göstərmək olar. Qanun və şəriət sahibi olan peyğəmbərlər də əsasən, öncəki peyğəmbərlərin qanunlarını təsdiqləyirdilər. Peyğəmbərlərin davamlı gəlişi təkcə həyat tərzinin dəyişkənliyi, təkamülü və bəşərin yeni xəbərə və yeni hidayətçiyə ehtiyacından deyil, əsasən səmavi kitabların, təlimlərin məhv olması, təhrifi və dəyişdirilməsindən qaynaqlanır.

Neçə min il öncə bəşər elmi və dini irsini qoruyub saxlamaqda aciz idi. Bundan artıq da ondan nəsə gözlənilmirdi. Bəşər öz dini irsinin orijinallığını qoruyub saxlaya biləcək qədər təkamülə yetişdikdə yeni bir sözün və sözçünün (yeni bir xəbərin və peyğəmbərin) gəlməsinin başlıca səbəbi aradan gedir və bir dinin əbədiliyi üçün lazım olan zəruri şərtlərdən biri artıq yaranmış olur.

Yuxarıdakı ayə Quranın nazil olması tarixindən bu yana, nübüvvət və risalətin yeniləşməsinin başlıca amilinin aradan getməsinə toxunmaqla, həqiqətdə nübüvvətin sonunun sütunlarından birinin əmələ gəlməsini elan edir.

Hamımızın bildiyi kimi, dünyanın səmavi kitabları arasında, zərrə qədər də dəyişikliyə uğramayan və tam olaraq orijinallığını saxlayan yeganə kitab Qurandır. Bundan əlavə, hz. Rəsulun xeyli miqdarda sünnəsi, zəmanənin şərindən uzaq olaraq qəti və danılmaz şəkildə əlimizə yetişmişdir. Xatırladaq ki, bir qədər sonra izah edəcəyik ki, müsəlmanların səmavi kitabını təhrifdən qoruyan ilahi vasitə bu zamanın bəşərinin tərəqqisi və qabiliyyətidir ki, bu da öz növbəsində, bu dövrün insanının ictimai şüurunun yetkinləşməsinin göstəricisidir.

Əslində, xatəmiyyətin rüknlərindən biri, bəşərin ictimai şüurunun, öz elmi və dini irsini qoruyub özü onu nəşr, təbliğ, təlim və təfsir edə biləcək qədər yetişməsi, inkişaf etməsidir. Bu mətləb ətrafında daha sonra söz açacağıq.

 



[1] Yeni şəriət gətirmə.

[2] İslam dininin nəsx etdiyi (ləğv etdiyi) adət-ənənələrdən biri də, ərəblər və bəzi xalqlar arasında yayılmış "Oğulluq" məsələsi idi. Övladlığa götürülmüş şəxs irs və digər ailə münasibətlərində doğma oğul kimi hesab edilirdi. Hz. Rəsul (s) Zeyd ibn Harisə adlı qulluqdan azad olunmuş bir şəxsə sahib idi ki, o həm də Peyğəmbərin oğulluğu sayılırdı. Camaat adətləri üzrə hz. Peyğəmbərdən oğulluğu ilə doğma oğlu kimi davranmasını gözləyirdilər. Necə ki onlar özləri oğulluqları ilə bu şəkildə davranırdılar. Sözügedən ayənin məzmunu belədir: Muhəmmədi aranızdakı kişilərdən (Zeyd ibn Harisə yaxud başqa bir şəxs) heç birinin atası çağırmayın; onu yalnız Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusu kimi tanıyın və səsləyin.

 



back 1 2 3