NÜBÜVVƏTİN SONU (1)



 

NÜBÜVVƏTİN SONU

NÜBÜVVƏTİN SONUNUN SİRRİ

İslam dininin gəlişi ilə onun əbədiliyi və nübüvvət kitabının sona yetməsi elan olunmuşdur. Müsəlmanlar nübüvvətin sona yetməsini həyata keçmiş bir məsələ kimi mənimsəmişlər. Onlar üçün həzrət Muhəmməddən sonra yeni bir peyğəmbərin gəlib-gəlməməsi sual doğurmamışdır. Qurani-kərim peyğəmbərliyin sona yetməsini açıq şəkildə elan etmiş və Peyğəmbər (s) onu dəfələrlə vurğulamışdır. Yeni bir peyğəmbərin gəlməsi ideyası, müsəlmanlar arasında Allahın təkliyini, yaxud qiyaməti inkar etmək kimi, İslam inancları ilə müxalifətdə sayılmışdır.

İslam alimləri tərəfindən bu zəmində aparılan tədqiqatlar yalnız bu ideyanın dərinliyinə varmaq və nübüvvətin sonunun sirrini kəşf etmək məqsədi daşımışdır.

Vəhy və nübüvvətin mahiyyəti bəhsinə girişmirik. Minimum bunu bilmək lazımdır ki, vəhy, batinin qeyb və mələkut aləmi ilə təmasda olaraq hidayəti mənimsəməsidir. "Nəbi" digər insanlarla özgə bir aləm arasında əlaqə vasitəsi və həqiqətdə insan aləmi ilə qeyb aləmi arasında bir körpüdür.

Fərdi və şəxsi baxımdan nübüvvət bir insan fərdinin ruhi şəxsiyyətinin genişlənmə və yüksəliş rəmzi, ümumi baxımdan isə, insanları hidayət etmək üçün bir fərd vasitəsilə digərlərinə çatdırılan ilahi xəbərdir.

Məhz buradadır ki, xatəmiyyət ideyası bizi bir sıra suallarla üzləşdirir. O cümlədən: Görəsən peyğəmbərliyin sonu və Xatəm ən-nəbiyyindən (sonuncu Peyğəmbər) sonra yeni bir peyğəmbərin gəlməməsi, bəşəriyyətin mənəvi istedadlarının azalması və ruhi yönlərdə tənəzzülüdürmü? Görəsən zəmanə artıq qeyb və mələkut aləmi ilə təmasda ola biləcək mələkut sifətli övladlar doğmaqdan aciz olmuşmu və peyğəmbərliyin sona çatmasını elan etmək, belə bir övladları doğmaqda təbiətin sonsuz olmasınımı çatdırmaqdır?

Bundan əlavə, nübüvvət bəşərin ilahi xəbərə ehtiyaclı olması deməkdir və bu xəbər keçmişdə dövr və zamanlardan asılı olaraq dəyişmişdir. Peyğəmbərlərin davamlı olaraq gəlişi, şəriətin daimi dəyişməsi, səmavi kitabların sürəkli nəsx olmaları bütün bunlar bəşərin ehtiyaclarının zamanbazaman dəyişməsi və hər bir dövrdə yeni xəbər və xəbərgətirənə ehtiyaclı olması səbəbindəndir. Bununla belə, nübüvvətin sonunu elan etməklə bu rabitənin birdəfəlik qırılmasını, insan aləmi ilə qeyb aləmini bir-birinə birləşdirən körpünün dağılmasını və bir daha insana heç bir xəbərin çatmamasını və bəşəriyyətin mükələfiyyətsiz qalacağını zənn etmək olarmı?

Bütün bunlardan əlavə, bildiyimiz kimi Nuh, İbrahim, Musa və İsa kimi şəriət sahibi olan peyğəmbərlərin arasındakı fasilə dövründə, əvvəlki şəriətin təbliğatçısı sayılan bir sıra peyğəmbərlər də gəlmişlər. Nuhdan sonra Nuhun şəriətini yayan, təbliğ edən minlərlə nəbi gəlmişdir; eləcə də İbrahim və başqalarından sonra. Təşrii[1] nübüvvətin kəsildiyini qəbul edərək İslam şəriəti ilə bütün şəriətlərə son qoyulduğunu desək də, niyə təbliğ xarakterli peyğəmbərliklər İslamdan sonra kəsildi? Niyə hər peyğəmbərdən sonra bu qədər peyğəmbər gəlmiş, lakin İslamdan sonra hətta bir nəfər də olsa belə bir peyğəmbər gəlməmişdir?



1 2 3 next