Vəhdət - günümüzün əsas ehtiyacıDeprecated: Function eregi_replace() is deprecated in /home/azralshia/public_html/page.php on line 99 Deprecated: Function split() is deprecated in /home/azralshia/public_html/page.php on line 103 Vəhdət - günümüzün əsas ehtiyacı Hər cür irqi, milli, məzhəbi mənsubiyyətə malik müsəlmanlar arasındakı vəhdət ideyasının ilkin mənbəyi Qurandır desək, səhv etmərik. Qur’ani-Kərimin Hucurat surəsinin 10-cu ayəsində bu fikir daha da qüvvətləndirilmişdir: “Həqiqətən möminlər qardaşdırlar. Elə isə iki qardaşınızı bir-biri ilə mehriban edin və Allahdan qorxun; bəlkə rəhm olunasınız”. Ali-İmran surəsinin 105-ci ayəsində isə müsəlmanlar arasında qərəzli şəkildə ixtilaf və düşmənçilik yaradan şəxslər ilahi əzabla qorxudulurlar: “Açıq-aşkar dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar!”. İslam Peyğəmbərinin davranışında vəhdət meyilləri Peyğəmbərimiz Məkkədən Mədinəyə köçdükdən sonra ilk müsəlman icmasını yaradarkən həyata keçirdiyi tədbirlər sırasında ilk yeri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq tutmuşdu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə o, hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi. Məsələn, Peyğəmbərin əmri ilə Əbu Bəkr - Xaricə ibn Zuheyrlə, Ömər ibn Xəttab - Ətəban ibn Maliklə, Osman ibn Əffan - Əvs ibn Sabitlə qardaş oldular. Həzrəti Rəsulullah isə özü ilə Əli ibn Əbu Talib arasında qardaşlıq əhdi bağladı (Sireyi-ibn Hişam, I cild, səh. 337-338). Həzrəti Muhəmməd (s) bütün fəaliyyət müddəti boyunca yalnız Allahı inkar edən şəxslərlə (kafirlər və müşriklərlə) müharibələr aparmış, kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul etmişdir. Peyğəmbərimiz dəfələrlə buyurmuşdur ki, o, insanlarla Allahın varlığını və onun peyğəmbərliyini qəbul edincəyə kimi döyüşməklə vəzifələndirilib. İslam əsgərlərinə qəti əmr olunmuşdu ki, döyüş əsnasında ölüm qorxusundan olsa belə, kəlmeyi-şəhadəti söyləyən və təslim olan hər bir düşmənə aman versinlər. Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə buyurulur: “Kim “La ilahə illəllah” deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir” (Səhihi-Muslim, İman, 37). Sunəni-İbn Macədə rəvayət edilən bir hədisə əsasən, Peyğəmbərimiz buyurmuşdur: “Hər kim “Allahdan başqa tanrı yoxdur; o, təkdir və şəriksizdir. Muhəmməd (s) Allahın bəndəsi və elçisidir” - desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (günah edərsə), haqqında cəza tətbiq olunmalıdır” (Sunəni-İbn Macə, 2539). Həmin kitabdakı başqa bir hədisə görə Həzrəti Muhəmməd peyğəmbər (s) buyurmuşdur: “Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür” (Sunəni-İbn Macə, 3940).
|