BİZİM DİNİ ƏQİDƏMİZ (9)



70 – Möhürlə səcdə olunması

Namaz qılarkən yerə (torpağa) və ya yerdə bitən (yeyilməyən və geyilməyən) şeylərə səcdə etmək lazımdır. (məsələn; yarpaq, taxta, bitkilər) Bunlardan başqasına səcdə etmək düzgün deyildir. Həmçinin, xalçaya və s. səcdə etmək qadağandır. Namaz halında torpağa səcdə etmək, digər şeylərə səcdə etməkdən daha üstündür. Elə bu səbəbdən də, şiə müsəlmanlarının əksəriyyəti təmiz torpaqdan düzəldilmiş «möhürə» səcdə edirlər. Biz şiələrin bu işinə səbəb Peyğəmbər (s. ə)-in ən məruf və tanınmış hədisidir: «Yer mənim üçün (məscid) səcdəgah və pakedici qərar verilmişdir!»[1] Bu hədis muxtəlif Əhli-sünnət və şiə kitablarında nəql olunmuşdur.

İrad: Hədisdə «Məscid» kəlməsindən məqsəd «Səcdəgah» nəzərdə tutulmamışdır. Əksinə Allahın evi sayılan məscidlər qəsd edilmişdir.

Cavab: Bir başa «təyəmmümə» aid olan «Təthur» – «Pakedici» kəlməsinə diqqət etdikdə «Məscid» kəlməsindən məhz «səcdəgahın» nəzərdə tutulduğu aydınlaşır. Yəni – torpaq həm pakedici, həm də səcdəgah sayılır!

Əhli-beyt (ə)-dan çoxlu sayda olan müxtəlif hədislər də, namazda torpağı, daşı və s... səcdəgah kimi tanıtdırır.

71 – Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti

Peyğəmbər (s. ə)-in, Əhli-beyt İmamlarının (ə), böyük alimlərin və şəhidlərin qəbirlərini ziyarət etmək dinimizdə təkid olunmuş, müstəhəb və savablı işlərdəndir. Əhli-sünnət və şiənin böyük alimlərinin müxtəlif kitablarında qəbirlərin ziyarət olunması barəsində saysız-hesabsız rəvayətlər, hədislər mövcuddur. Əgər bu rəvayətləri bir yerə cəmləsək, ayrıca bir kitab yaranmış olar.[2]

Tarix boyu İslam dünyasının tanınmış, məşhur alimləri və cəmiyyətin müxtəlif təbəqələri müqəddəs qəbirləri ziyarət etməyə xüsusi əhəmiyyət vermişlər. Və müqəddəs qəbirləri (Peyğəmbər (s. ə) və s...) ziyarət edən şəxslərin maraqlı əhvalatları müxtəlif kitablarda mövcuddur. («Əl-qədir, c 5, s 93 – 207) Bu məsələ, doğrusu bütün müsəlmanların qəbul etdiyi (vəhhabilər istisna olaraq) aşkar bir həqiqətdir. Lakin diqqət etmək lazımdır ki, «ziyarət», «ibadət» demək deyildir. Şübhəsiz, heç bir kəs bu iki ibadətin eyni məna daşıdığını təsəvvür etmir (edə də bilməz). Çünki «ibadət» yalnız Allaha məxsusdur. Amma «ziyarət» isə İslam dininin böyük şəxsiyyətlərinə qarşı qoyulan ehtiram deməkdir. Və onların vasitəsilə Allah dərgahından şəfaət tələb etmək mənasındadır. Hətta çoxlu rəvayətlərdə Peyğəmbər (s. ə)-in qəbiristanlara və «Bəqi»yə (Bəqi – Mədinə qəbiristanlığı) getdiyi, onlara salam verdiyi yazılmışdır.[3] Deməli heç kəs bu işin fiqh nəzərindən düzgün olub-olmamağı barəsində də tərəddüd etməməlidir.

72 – Əzadarlıq mərasimləri və onun fəlsəfəsi

İslam şəhidləri, xüsusilə «Kərbəla şəhidləri» üçün keçirilən əzadarlıq mərasimləri onların xatirələrinin əbədi qalması, İslam dini uğrunda etdiyi fədakarlıqların daim yaşaması üçündür. Elə buna gö də, aşura əyyamında (Məhərrəm ayının ilk on gü), yəni İmam Hüseyn (ə)-ın, behişt cavanlarının sərvəri olan,[4] İmam Əli (ə)-ın və Peyğəmbər (s. ə)-in əziz qızı Fatimeyi-Zəhra (ə)-ın övladı üçün yas saxlayır, əzadarlıq mərasimləri keçiririk. Onların həyatını, nə üçün və necə şəhid olduqlarını təhlil edirik. Onların pak ruhlarına dualar oxuyuruq. Bəni-Üməyyə tayfası qorxunc və zalım bir hakimiyyət yaradaraq, Peyğəmbər (s. ə)-in sünnəsini ayaq altına alır, dinə müxtəlif bidət və xurafatlar qatır, İslamın mənəvi dəyərlərinin məhvinə çalışırdılar.

İmam Hüseyn (ə) hicrətin 61-ci ili Yezidin əleyhinə qiyam etdi. Yezid fasiq, təkəbbürlü və İslama düşmən, yad olan bir adam idi. Təəssüflər olsun ki, zamanın gərdişi ona Peyğəmbər (s. ə.)-in minbərində yer vermişdi. İmam Hüseyn (ə) özünün bütün əshabı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid oldusa da, ailəsi və yaxınları əsir düşdüsə də, lakin onların bu əməli, Yezid dövrünün qəflət yuxusuna dalmış müsəlmanlarını ayıltdı. Müsəlmanlar dinin müdafiəsinə qalxaraq, ardıcıl olaraq qiyamlar yaratdılar. Bəni-Üməyyə hakimiyyətini kökündən laxlatdılar. Onlar zamanın heçliyinə yuvarlandılar. Maraqlıdır ki, Aşura hadisəsindən sonra baş vermiş bütün qiyamlar «Ali-Məhəmmədin razılığı naminə! Hüseynin qanı naminə!» - ünvanlı şüarlarla baş verirdi. Və ya bu şüarların bir çoxu hətta Bəni-Abbasın zalım və dinsiz hökuməti dövründə də səslənirdi.

İmam Hüseyn (ə)-ın qanlı qiyamı bütün müsəlmanlar üçün, hətta qeyri-müsəlmanlar üçün də, bir nümunə olaraq qalmaqdadır. Onun «Zillət bizdən uzaqdır!», «Həyatın həqiqəti iman və cihaddır!» kimi şüarları, zülmdən və azğın düşməndən qurtuluş yolunda, vətənin və din düşmənlərinin müqabilində müqavimət yolunda ən gözəl ideyadır. Biz İmam Hüseyn (ə)-dan mərdlik, qeyrət, isar, şəhadət, şücaət, əqidə, iman və s. bu kimi əhəmiyyətli ibrətlər aldıq. Biz Həzrət Hüseyn (ə)-dan başı uca yaşayaraq, zülmə və düşmənə boyun əymədən mərdanə həyat sürmək, yaxud mərd kimi ölməyi öyrəndik!

Mümkündür bəzi şəxslər «Kərbəla şəhidlərinə» keçirilən əzadarlıq mərasimlərini sırf olub – keçmiş tarixi bir hadisə kimi təsəvvür etsinlər. Biz isə bu faciəni unutmamaqla öz dini vəzifəmizi yerinə yetirərək, onun yaşayışımızın müxtəlif zamanlarında necə əhəmiyyət daşıdığını bilirik. Bu işin dini cəhətdə düzgün olub-olmadığına gəldikdə isə, təkcə bütün müsəlman dünyasında məşhur olan – «Həzrət Məhəmməd (s. ə.)-in əshabının Seyyiduş-şühəda Həmzəyə (ə) yas saxlaması, əzadarlıq mərasimləri keçirəmsi»ni yada salmaq kifayətdir. Bütün məşhur tarix kitablarında yazılmışdır: «Allahın Rəsulu Məhəmməd (s. ə) Ənsardan birinin evinin yanından keçərkən ağlamaq və vay-şivən səsləri eşitdi. Gözləri yaşla dolan Peyğəmbər (s. ə.) buyurdu: «Lakin Həmzə üçün ağlayan yoxdur!» Bu sözü eşidən Səid ibn Məaz «Bəni-Əbdul-Əməd» tayfasının qadınlarına Peyğəmbər (s. ə.)-in əmisi Həmzənin evinə getməyi və onun üçün əzadarlıq etməyi tapşırdı!» (Kamile-ibn-Əsir, c 2, səh. 163; Sireye-ibn-Hişam, c 3, səh 104)



1 2 3 4 5 6 7 next