İSLAMIN ŞİƏ ŞƏXSİYYƏTLƏRİ (1)



ÖN SÖZ

Tarix baxımından şiəliyin əsl olması

 

Peyğəmbər (s)-in səhabələrinin tərcümeyi -halı biz müsəlmanlar üçün ən dəyərli elm, əxlaq və ictimai davranış xəzinəsidir. Peyğəmbərlik ağacı bar verməyə başlayanda islam Peyğəmbəri (s) insanları ilahi ruhda tərbiyə etməyə başladı. Bu müqəddəs ağacın bəhər verən ilk meyvələri bir qrup xalis niyyətli və vəfalı şəxslərin iman gətirmələri idi. Bu şəxsiyyətlər Peyğəmbər (s)-in dövründə və o Həzrətin vəfatından  sonra islam dininin yayılıb genişlənməsi üçün çalışmış və bu yolda öz mallarından və canlarından keçmişdilər. Quran islam dininin əvvəl günlərində tərbiyə olunmuş belə şəxslər barədə buyurur:

“Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birgə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən və səcdəyə qapanan və daim Allahdan riza və lütf diləyən görərsən. Onların üzlərində səcdə nişanəsi vardır ’’[1]

Digər bir ayədə oxuyuruq: “Onlar Allahla bağladıqları peymana sədaqətlə əməl edən şəxslərdilər[2]

Belə insanlar əziz islam Peyğəmbərinin dəvətini eşidəndə hazıram deyə daim bu sözləri deyirdilər:

“Ey Rəbbimiz! Həqiqətən biz; “Rəbbinizə inanın!”- deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib sənə iman gətirdik.”[3]

Peyğəmbər (s)-in səhabələri elə şəxsiyyətlərdilər ki, ilk olaraq islam ağacı onların qəlbində əkildi və bir qədər sonra çox şirin və rəngbərəng meyvələr bəhər verdi. Onların həyatında əxlaqi fəzilətlər və insana xas olan səciyyələr o qədər inkişaf etdi ki, onların bəzisi pərhizkarlığın, fədakarlığın, səbrin, məhəbbətamiz hisslərin, ali məqsədləri tələb etməyin, ilahi eşqin, şücaət və qəhrəmanlığın, zahidliyin simvoluna çevrildilər və dünyanı öz nurlarilə işıqlandırdılar.[4]

Qeyd etdiyimiz ayələrin mənası budur ki, Peyğəmbər (s)-ləm kimi şəxsiyyətin nəzarəti altında tərbiyə olanlar gərək bu ali xüsusiyyətlərə malik olsunlar. Təbiidir ki, Peyğəmbər (s)-in pak və müqəddəs nəfəsi kamilliyə çatmağa istedadı olanlarda misilsiz təsir qoyurdu. Amma eyni zamanda insanlarda dağıdıcı gücə malik olan nəfs istəklərini də unutmaq olmaz. Çünki belə amillər şiddətli surətdə mənəvi dəyərlərdə mənfi təsir qoyurlar və insanı cahillik dövrünə qaytarırlar. Necə ki, tarixi faktlara əsasən nəfspərəstlik bəzi səhabələrin kamilliyə çatmasına mane oldu. Bu baxımdan Peyğəmbər (s) bütün səhabələrinin barəsində eyni cür danışmaq düzgün deyil, bəlkə onların hər birinin barəsində ayrı-ayrılıqda maraqlanıb həyat tərzləri ilə tanış olub danışmaq lazımdır. Belə şəxsiyyətlərin həyatı və yaşayış tərzi barədə mütaliə etmək və araşdırmaq bizim üçün böyük həyat təcrübəsidir və onların imanı, xalis niyyətləri və etdikləri əməllər bizim üçün ən gözəl nümunə ola bilər.

Peyqəmbər(s)-in səhabələri barədə yazılan yazılar

Əziz islam Peyğəmbəri (s)-min səhabələri barədə şiə və sünnü alimləri həddən artıq çox kitablar yazmışlar və bu yazıçıların hər biri öz məlumatları qədər Peyğəmbər səhabələri haqda araşdırmalar aparmışlar. Yazıçıların bəzisi nəzərdə tutduğu səhabənin adını və hansı qəbiləyə mənsub olduğunu yazdıqdan sonra, bu səhabənin Peyğəmbəri (s)dən nəql etdiyi bəzi rəvayətləri qeyd edib və ya bu şəxsin tarixdə nahaq hadisələrlə üzləşdiyini yazıb, bu səhabə barədə müəyyən təhlil etmədən, nəticə almadan, həyatında olan ibrətamiz məsələləri sadalamadan və çatışmamazlıqlardan söz açmadan sözü bitirmişlər. Belə tərzdə məqalə və kitab yazmağa bir çox tarix və riçal alimləri düçar olmuşdular.

Həqiqətdə bizim riçal alimlərimizin çoxu baş verən hadisələri və əhvalatları yazanlardılar, bu hadisə və əhvalatların həqiqətini bəyan edənlər deyillər. Bu alimlər hədis ustadlarından və ravilərin eşitdiklərini azacıq da olsa dəyişmədən tam ehtiyatla nəql etmişlər və hər növ nəzəriyyə yürütməkdən çəkinmişlər. Sən demə onlar əmanətdarlığa riayət etmək üçün belə edirmişlər. Amma camaatın böyük əksəriyyəti, xüsusilə cavalar üçün faydalı kitab o kitabdır ki, onda baş verən hadisələrin həqiqəti, səbəbi və nəticəsi barədə izahlar verilsin. Bu meyarlar bizim qədim riçal və tarix kitablarımızın heç birində yoxdur. Elə bu səbəbdən səhabələrin tərcümeyi- halını və onların əli ilə cəmiyyətdə baş verən ideoloji və ictimai dəyişiklərin əsas mahiyyətini öyrənməyə teşnə olan cavanlar belə kitabları oxuduqda öz itirdiklərini tapa bilmirlər. Bu kitabların faydası yalnız bir sıra hadisələrdən xəbərdar olmaqdan başqa bir şey deyil.



1 2 3 4 5 6 7 next