ƏLİ (Ə) KİMDİR? (4)



 

FƏDƏKİN QƏSBİ

Əbu-Bəkrin çirkin işlərindən biri həzrət Peyğəmbərin qızı Fatimədən fədəkin alınması oldu. Əvvəlcə fədək haqqında qısaca mə’lumat verək.

Fədək Xeybərlə Mədinə arasında bir kənd idi. Mədinədən Fədəkədək iki mənzillik (dayanacaq) yol vardı. Torpaqları bərəkətli idi, məhsuldar xurma bağları vardı. Orada yəhudilər sakin idilər. Hicri yeddinci ildə İslam qüvvələri gücləndiyindən, Allah-təala Xeybər qələbəsindən sonra yəhudilərin qəlbinə qorxu saldığından onlar Fədəkin düz yarısını Peyğəmbərə verib, yarısını özlərinə saxladılar. Bu torpaqlar şəxsən Peyğəmbərə verildiyindən onun xüsusi mülkiyyəti sayılırdı. Belə ki, torpaqlar heç bir döyüşsüz təhvil verilmişdi. Fədəkin şəxsən Peyğəmbərə məxsus olması Qur’an ayəsi ilə də təsdiqlənir:   «Allahın onların malından öz Peyğəmbərinə verdiyi qənimət üçün siz onların üstünə nə at, nə də dəvə sürdünüz. Allah öz Peyğəmbərini istədiyi kimsələr üzərində belə hakim edir. Allah hər şeyə qadirdir».  [*] Bəli, Fədək torpaqları hücum yolu ilə ələ keçirilmiş qənimətlərdən fərqlənirdi. Əgər başqa qənimətlərdən döyüşçülərə pay düşürdüsə, Fədəkdə onların heç bir payı yoxdu. Qur’ani-Kərimdə oxuyuruq:   «Ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçularındır».  [*] Amma döyüşsüz ələ keçirilən hər bir şey yalnız Allah və onun rəsuluna məxsusdur və «Ənfal» adlanır:   «De ki, qənimətlər Allahın və Peyğəmbərinindir».  [*]

İmam Sadiq (ə) buyurur: «Ənfal odur ki, onun əldə olunması yolunda at və dəvə sürülməmiş olsun. Xalqın könüllü olaraq verdiyi mal da ənfaldır. Qeyri-abad torpaqlar, çayların təki Peyğəmbərə məxsusdur. Peyğəmbərdən sonra isə bu malın üzərində imam ixtiyar sahibidir».[*]

Beləcə, Fədək də ənfal sayılmalıdır. Çünki Fədəkin əldə olunmasında heç bir müsəlman iştirak etməmişdi. İmam Sadiqin (ə) buyurduğu kimi yəhudilər özləri bu torpağı Peyğəmbərə vermişdir. Demək, Fədəkin sahibi həzrət Peyğəmbərin özüdür.

«Məcməül-bəyan» və «Üsule-kafi» kitablarında «İsra» surəsinin 26-cı ayəsinin təfsiri ilə bağlı yazılır: «Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) qızı Fatiməni (s) çağırdı və buyurdu: «Allah-təala mənə göstəriş verdi ki, Fədəki sənə verdim». Fatimə dedi: «Ey Allahın rəsulu, mən bunu Allahdan və sizdən qəbul etdim». Bu əhvalat sünni kitablarında da nəql olunmuşdur. «Təfsire-Sə’ləbi», «Şəvahidut-tənzil», «Yənabiul-Məvəddət» kitablarını misal göstərmək olar. Uyğun mənbələrdə qeyd olunur ki, «Qohum-əqrəbaya da, miskinə də, müsafirlərə də haqqını ver» ayəsi nazil olduqdan sonra Peyğəmbər Fədəki qızı Fatiməyə (s) verdi. Həzrət Peyğəmbərin həyatı dövründə Fədək Fatimənin (s) ixtiyarında idi. Buranın məhsulu toplanır, bəni-haşim fəqirləri və başqalarına verilirdi. Amma Peyğəmbərin vəfatından sonra Əbu-Bəkr həzrət Fatimənin (s) vəkilini Fədəkdən çıxardı. Onun göstərişi ilə Fədək həzrət Zəhradan alındı.

Əbu-Bəkrin bu hərəkəti haqq və ədalətin tapdalanması idi. Əvvəla, Fədək başqa qənimətlərdən fərqlənirdi və Ənfal sayılırdı. O, həzrət Peyğəmbərin şəxsi mülki idi. İkincisi, həzrət Peyğəmbər özü Fədəki qızına bağışlamışdı. Üçüncüsü, atasının dövründə həmin torpaqlara həzrət Zəhra nəzarət edirdi. Mühacir və ənsarın iştirakı ilə Peyğəmbər məscidində Əbu-Bəkr bu məsələyə görə xanım tərəfindən ittiham olunmuşdu.

Əbu-Bəkr uydurma bir hədisə əsaslanır və bu hədisi Peyğəmbərdən eşitdiyini deyirdi. Guya Peyğəmbər demişdi ki, peyğəmbərlərdən irs aparılmır və onlardan nə qalarsa sədəqədir. Həzrət Zəhra Əbu-Bəkrə buyurdu: «Ey Əbu-Quhafənin oğlu, Allahın kitabında yazılmışdırmı ki, sən atandan irs aparırsan, mən isə yox? Əgər peyğəmbərlərdən irs qalmırsa, nə üçün Qur’anda peyğəmbərlərin irsi haqqında ayələr nazil olmuşdur? Nə üçün mənim atama böhtan atırsan? Məgər Qur’anda buyurulmurmu ki, Süleyman atası Davuddan irs aldı? Bəs hansı dəlillə məni atamın irsindən məhrum edirsən? Yoxsa siz Qur’anı mənim atamdan və əmioğlumdan yaxşı bilirsiniz?»

Həzrət Fatimə (s) Əbu-Bəkr və onun ətrafındakıları rüsvay etsə də, onun məntiqi qarşısında heç bir cavab verilməsə də, xanım haqqını almadan evinə döndü.



1 next