BİZİM DİNİ ƏQİDƏMİZ (3)



İkİncİ fəsİl

 

İlahİ Peyğəmbərlərİnİn nübüvvətİ

12 – Peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi

Biz inanırıq ki, Allah-Taala bəşəriyyətin hidayəti və insanları tələb olunmuş (nəzərdə tutulmuş) kamilliyə və əbədi səadətə yetirmək üçün peyğəmbərlər göndərmişdir. Əgər Allah öz peyğəmbərlərini bəşəriyyətin hidayəti üçün göndərməsəydi, bəşər və dünya öz yaranış hədəfinə yetişməz, uca kamilliyə çatmaq hədəfilə yaradılan insan, azğınlıq yollarında sərgərdan olaraq, nəfsinin yaratdığı çirkab bataqlıqlarında boğulardı, nəticədə Tanrının insanı yaratmaqda olan məqsədinin, hədəfinin mənasız olması lazım gələrdi. Qurani-Kərim buyurur: «(Allah) Müjdə verən və qorxuzan peyğəmbərləri göndərdi ki, ondan sonra insanların Allaha qarşı dəlilləri olmasın. (Səadət yolunu insanlara göstərərək, onlar üçün bir üzr yeri qoymasın). Allah güclü və hikmət sahibidir!» Bizim etiqadımız budur ki, Peyğəmbərlərdən beş nəfəri «Ulul-Əzm» yəni şəriət-din sahibi və Allah tərəfindən verilmiş «müqəddəs kitaba» malikdirlər. Onların əvvəlincisi həzrət Nuh (ə), sonra İbrahim (ə), Musa (ə), İsa (ə) və sonuncusu isə həzrət Məhəmməd (s)-dir.

«Əhzab» surəsinin 7-ci ayəsində buyurulur: «Xatırla o zamanı ki, peyğəmbərlərdən əhdi-peyman aldıq. Səndən, Nuhdan, İbrahimdən, Musa və Məryəm oğlu İsadan əhdi-peyman aldıq!» Digər ayədə isə buyurulur: «Ulul-Əzm peyğəmbərlər kimi, səbirli və dözümlü olun!» (Əhqaf 35)

Biz inanırıq ki, İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) Ənbiyanın axırıncısı və ilahi peyğəmbərlərin sonuncusudur. Onun şəriəti bütün dünya üçündür və dünyanın sonuna qədər mövcud olacaq yeganə dindir. Yəni İslam təlimlərinin, hökmlərinin və İslam maarifinin hərtərəfli və universal olması, bir formada ki, dünyanın sonunadək bəşər övladlarının maddi və mənəvi cəhətlərdən olan bütün ehtiyaclarını təmin edəcək formada olması, bizə bu sözü söyləməyə haqq verir ki, İslam dini sonuncu din və İslam Peyğəmbəri (s) axırıncı peyğəmbərdir! Və o Həzrətdən sonra hər hansı bir kəsin etdiyi «peyğəmbərlik iddiası» puç və əsassızdır. Qurani-Kərim buyurur: «Məhəmməd, siz kişilərdən heç birisinin atası deyildir. O, Allahın elçisi və peyğəmbərlərin axırıncısıdır. Və Allah hər bir şeydən xəbərdardır.» (Əhzab, 40)

13 – Digər səmavi dinlərin ardıcılları ilə münasibət

Biz İslam dinini hazırkı zamanda Allahın yeganə həqiqi dini olaraq, qəbul edirik. Quranın əqidəsinə əsasən İslam dini Allah dərgahında qəbul olan, yeganə haqq dinidir. Amma bununla belə biz, digər səmavi dinlərin ardıcılları ilə də, qarşılıqlı anlaşma, təfahumlə (istər İslam ölkələrinin daxilində, istərsə də, bu ölkələrdən qeyri yerlərdə) birgə yaşamağa və əlaqələr qurmağa əqidəliyik (Lakin İslam və müsəlmanlarla mübarizəyə girişən digər dinlərin nümayəndələri istisna olunaraq buraya aid edilməməlidir). Qurani-Kərim buyurur; «Allah sizi din (islam) üstündə sizinlə vuruşmayan, və sizi yurdunuzdan qovmayan adamlara yaxşılıq etməkdən və onlarla ədalətlə davranmaqdan çəkindirmir (qadağan etmir). Çünki Allah ədalətliləri sevir.» (Mumtəhinə, 8).

Biz inanırıq ki, sağlam məntiqə malik olan elmi bəhslərlə İslam dininin həqiqətini və təlimlərini bütün dünya xalqlarına açıqlayaraq, onlara tanıtdıra bilərik. Və islam dininin o qədər cazibədar və güclü olduğuna inanırıq ki, əgər bu ilahi din dünya xalqlarına düzgün şəkildə və olduğu kimi tanıtdırılarsa, saysız-hesabsız insanlar bu dinə üz gətirəcəkdir. Məxsusən indiki müasir dünyamızın düşünən beyinləri İslam həqiqətlərini qəbul etməyə daha da, çıxarlıdır.

Elə bu səbəbdən də, İslam dinini insanlara məcbur etməklə yox, onun həqiqətini anlatmaqla qəbul etdirmək lazımdır! Qurani-Kərimin Bəqərə surəsinin 256-cı ayəsində bu barədə belə buyurulur: «Dində heç bir məcburiyyət yoxdur. Doğru yol azğınlıqdan aydın şəkildə ayrılmışdır.»

Bizim əqidəmizə əsasən, müsəlmanların İslamın bütün əmrlərinə riayət etməsi İslam dininin dünyada tanınması üçün əlverişli amillərdən biridir. Deməli bir daha məcburiyyətə və təzyiqlərə ehtiyac yoxdur.

14 – Ənbiya (ə) həyatları boyu məsumdurlar

Bizim əqidəmizə əsasən bütün Peyğəmbərlər məsumdurlar. Bu o deməkdir ki, onlar öz ömürləri boyu (istər peyğəmbər olmazdan əvvəl, istərsə də sonra) Allahın yardımı ilə xəta, günah və səhvdən uzaq olmuşlar. Əgər xalqı doğru yola çağıran bu insanlar, özləri də günah və xəta sahibləri olsaydılar, peyğəmbərlik üçün lazım olan etimadı (Allah və xalq tərəfindən) qazana bilməzdilər. Və xalq onları özləri ilə Allah arasında etimadlı bir vasitə saymaz, onları bütün əməllərində özlərinə nümunə seçməzdi.[1]



1 2 3 4 5 next