QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA (3)



Sual 50: Üzeyir kimdir?

Cavab: Qurani-kərimdə buyurulur: «Yəhudilər «Üzeyir Allahın oğludur ... dedilər»[32].

Rəvayətlərdən məlum olur ki, Üzeyir yəhudi cəmiyyətinə böyük xidmətlər göstərmiş din başçılarındandır. Babil padşahının yəhudilərə divan tutduğu bir zamanda onlara böyük xidmətlər göstərən, vətənlərinə qayıtmasına nail olan, yandırılmış Tövratı yenidən, qismən bərpa edən, məhz Üzeyirdir.

Yəhudilər Üzeyiri bu xidmətləri müqabilində «Allahın oğlu» adlandırmağa başladılar. Onlar Üzeyirə bu adı hörmət mənasında verdiklərini iddia etsələr də, əslində, Allaha şərik qoşmuşdular.

İslam Peyğəmbəri (s) yəhudilərə sual verəndə ki, Musa Üzeyirdən daha əvvəl və daha çox xidmət etdiyi halda ona nə üçün belə bir ad verməmisiniz, yəhudilər susdular[33].

İlk əvvəl Üzeyir hörmət əlaməti olaraq «Allah oğlu» adlandırılsa da, bir müddət sonra avamlar onu həqiqətdə Allah oğlu kimi qəbul etməyə başladılar. Müasir dövrdə yəhudilər arasında belə bir əqidə nəzərə çarpmasa da, Üzeyirin yəhudilər tərəfindən uyğun ləqəblə çağırılması, tarixi gerçəklikdir.

Sual 51: İsa (ə) Allahın oğludurmu?

Cavab: Müasir dövrümüzdə xristian dünyasının əksəriyyəti İsanı (ə), həqiqətdə, Allahın oğlu kimi tanıyır və onu «Allahın oğlu» adlandırırlar. İlkin İncildən köklü şəkildə fərqlənən bu günkü İncillərdə, İsanın (ə) Allahın həqiqi oğlu olduğu açıq-aşkar iddia edilir. Qurani-kərimdə İsanın (ə) özünün belə bir iddiada olmadığı bildirilir. İsa (ə) özünü yalnız Allahın peyğəmbəri kimi təqdim etmişdir.

Ümumiyyətlə, «ata Allah», «oğul Allah», hətta «ana Allah» kimi puç və əsassız inamlar, qədim hind və çin bütpərəstliyinə xasdır. «Tövbə» surəsinin 31-ci ayəsində bu barədə deyilir: «Onlar Allahı qoyub, alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki, onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir Tanrı yoxdur. Allah müşriklərin ona şərik qoşduğu bütlərdən uzaqdır».

Maraqlıdır ki, bir zaman Üzeyiri Allahın oğlu adlandıran yəhudilər, bu gün uyğun fikirin gülünclüyünü anlayıb, əvvəlki iddialarından əl çəkdikləri halda, xristianlar hələ də ruh yüksəkliyi ilə əvvəlki fikirlərində qalırlar. Hansı ki, müasir dövrdə şüurlu insanın Allahdan insan doğulması kimi cəfəngiyyata inanması qeyri-mümkündür. Bu, yalnız Allaha və onun göstərişlərinə imansızlıq və itaətsizlikdən doğa bilər.



1 2 3 4 5 6 7 8 9 10 next