BİZİM DİNİ ƏQİDƏMİZ (2)



Tovhid və onun mərtəbələri

Tovhid bir neçə qismə ayrılır ki, sizə təqdim etdiyimiz bu dörd qisim, onların ən əhəmiyyətlisidir.

1. Tovhide - zati:

Allahın Pak Zatı tək və yeganədir. Heç bir varlıq Ona oxşamaz. O, şəriksiz və misilsiz bir Allahdır.[1]

2. Tovhide - sifati (sifətlərdə tovhid):

Tovhide-sifati budur ki, Allah-Taala bütün kamal sifətlərinə malikdir. Allahın elm, qüdrət, əbədiyyət, və s. bu kimi sifətləri (xüsusiyyətləri) hamısı Onun Pak Zatında cəmlənmişdir. Və bu xüsusiyyətlər Onun vahid, bölünməz və bir olan zatının eynidir. Məxluqatın sifətləri isə bir-birindən ayrı olmaqla bərabər, onların zatından da, ayrıdır. Allahın sifətləri isə belə deyildir. Əlbəttə, «Allahın sifətləri ilə Onun zatının eyni olması bəhsini» daha yaxşı anlamaq (üçün bir sıra elmi və fəlsəfi zərifliklərə diqqət etmək lazımdır) xüsusi incəliklə düşünmək və diqqət tələb edir.

3.Tovhide - əfali (fellərdə tovhid):

Dünyada baş verən hər iş, hərəkət və hər bir varlığın təsiredici qüvvəsi Allah-Taalanın iradəsinə bağlıdır. Və Onun iradəsindən çeşmələnir. Qurani-Kərim buyurur: «Allah-Taala hər bir şeyin yaradanıdır və bütün varlıqlara nəzarət edən Odur!» (Zumər, 62) Yaxud başqa bir ayədə buyurulur: «Göylərin və yerin açarları Ona məxsusdur. (Bütün işlər Onun qüdrətinə bağlıdır.)» (Şura, 12)

Bəli, Allahdan qeyri heç bir təsir qoyan qüvvə yoxdur! Lakin bu bizim işlərimizdə, əncam verdiyimiz əməllərimizdə məcbur olmağımız mənasında deyildir. Hər bir insan öz əməllərini əncam verməkdə və qərar qəbul etməkdə azaddır. Necə ki, Qurani-Kərim buyurur: «Biz insana doğru yolu nişan verdik. İstər şükür etsin, istərsə də küfr etsin!» (İnsan, 3) Yaxud; «Və gerçəkdə insan üçün öz səyindən başqa mükafat yoxdur.» (Nəcm, 39)

Qeyd olunan ayələr aşkarcasına bəyan edir ki, insan azad iradəyə malikdir. Lakin bu azad iradəni və qüdrəti ona öz Rəbbi vermişdir. İnsanın bütün işləri Allahın ona bəxş etdiyi iradə və bacarıq vasitəsi ilə baş tutur. Deməli, bizim əməllərimiz Allaha istinad olunaraq bir növ, həqiqətdə ona bağlıdır. Və bu bağlılıq bizim əməllərimizə görə daşıdığımız məsuliyyəti heç də azaltmır.

Əziz oxucu, Allah iradə etmişdir ki, biz öz əməllərimizi azad ixtiyara malik olaraq əncam verək və bu vasitə ilə, Allah-Taala, insanları imtahana çəkərək onları «mənəvi təkamül» yolunda ucaltmaq istəmişdir. Çünki yalnız azad iradəyə malik olan insan, öz ixtiyarı ilə Tanrıya itaət etdikdə, İlahi kamilliyə ucala bilər. Əgər Allah insanı heç bir ixtiyara və azad iradəyə sahib etməsə və onu öz əməllərində məcbur edərsə, insanın əməlləri heç bir dəyərə malik olmayacaqdır. Azad iradə sahibi olmayan, yalnız vasitə-alət rolunu oynayan insanın icbarən gördüyü işlər onun yaxşı və pis olmasına heç bir şəkildə dəlalət edə bilməz.

Əslində əgər biz insanlar, öz əməllərimizi əncam verməkdə məcbur olsaydıq, peyğəmbərlərin gəlişi, müqəddəs kitabların göndərilməsi və həmçinin dini hökmlər, təlim-tərbiyə və s. puç və mənasız bir iş olardı. Cənnət-Cəhənnəm, cəza və mükafat mənasız bir iş sayılardı. Bu bizim Əhli-Beyt (ə)-dan öyrəndiyimiz bir əqidədir; «İnsanın əməllərində mütləq şəkildə icbar yoxdur. Həmçinin, insanın öz əncam verdiyi işlərdə tam azad olduğu (Allaha heç bir ehtiyacı olmamağı) səhv bir əqidədir. Həqiqətən bu iki əqidənin arasında mötədillik; «Nə icbar, nə sırf azadlıq doğru deyildir. İnsan Allaha ehtiyaclı olaraq öz işlərində azad iradəyə malikdir.»

4.Tovhide - ibadi:

İbadətdə Tovhid, yəni ibadət fəqət Allaha məxsusdur. Ondan qeyri bir varlıq ibadət olunmağa layiq deyildir. Yalnız Allaha ibadət edərək, yalnız Onu ibadətə layiq saymaq, Tovhide- ibadi adlanır. Tovhidin bu qismi onun digər bölümlərindən ən əhəmiyyətlisidir. Belə ki, ilahi peyğəmbərlər hamısı daha çox ibadətdə olan tovhidə təkid etmişlər. Və insanları yalnız və yalnız bir olan Allaha ibadət etməyə səsləmişlər. Qurani-Kərim buyurur: «Onlara, yalnız Allaha ibadət etmək əmr olundu. Və öz dinlərini fəqət Allaha ibadət etməklə xilas etmək (şirkdən tovhidə qayıtmaq) tapşırıldı. Və budur doğru-düzgün din.» (Bəyyinə, 5)

İnsan övladı ürfan və əxlaqi kamilliyin mərhələlərini keçərək, mənəvi cəhətdən daha uca məqamlara yüksəlmək istədikdə, «Tovhid məsələsi»daha çox mürəkkəbləşir. Elə bir dərəcədə ki, insan Allaha könül bağlayaraq hər bir məkanda onun razılığını düşünür. Onun razılığından qeyri heç bir şeyin barəsində fikirləşmir. Allahdan başqa bir varlıq onun diqqətini cəlb etmir. Başqa bir ibarətlə desək; «Allahdan başqa sənin diqqətini cəlb edən, sənin bütündür.» dərəcəsinə yetişir.



1 2 3 4 next