ƏMƏLİ ƏXLAQ



İslam mədəniyyətinin qucağında yaranmış, inkişaf etmiş və təkamül tapmış elmlərdən biri də irfan elmidir. İrfan barəsində iki baxımdan danışmaq və tədqiqat aparmaq olar: ictimai baxımdan və mədəni baxımdan. Arifləri İslam mədəniyyətinin müfəssir (təfsirçi), mühəddis (hədisşünas), fəqih (fiqh alimi), mütəkəllim (kəlam alimi), filosof, ədib, şair və s. təbəqələrindən fərləndirən mühüm bir cəhət vardır. Bu da ondan ibarətdir ki, ariflər mədəni təbəqə kimi mövcud olmaqdan, irfan adlı elm yaratmaqdan, öz sıralarında böyük alimlər yetişdirməkdən və əhəmmiyyətli əsərlər yazmaqdan əlavə, həm də İslam dünyasında özünəməxsus cizgilərə malik ictimai dəstə (firqə) də yaratmışlar.

 Halbuki, fəqihlər, hikmət sahibləri və sair təbəqələr yalnız mədəni təbəqə olaraq qalmış və başqalarından seçilən dəstə kimi tanınmamışlar. İrfan əhlini mədəni baxımdan yanaşdıqda «ariflər», ictimai baxımdan yanaşdıqda isə çox vaxt «təsəvvufçular» adlandırırlar.

Ariflər və təsəvvufçular İslamda dini parçalanmanın məhsulu olmadıqlarına, heç bunun iddiasında da bulunmadıqlarına, bütün islami qrup və məzhəblərin daxilində yayıldıqlarına baxmayaraq, eyni zamanda, çox möhkəm və mütəşəkkil ictimai dəstə halındadırlar. Fikir və düşüncələri, xüsusi davranış qaydaları, geyim və zahiri görünüşlərindəki özünəməxsusluq, xanəgahlarda yaşamaları və s. xüsusiyyətlər onları özəl dini-ictimai qrup kimi fərqləndirmiş və hazırda da fərqləndirməkdədir.

 Əlbəttə, hər yerdə (xüsusilə, şiəlik daxilində) zahirən başqalarından heç nə ilə fərqlənməyən, eyni zamanda, irfani seyru-süluk əhli (haqq yolunun yolçusu) olan ariflər mövcud olmuşdur və hazırda da vardır. Özlərindən yüzlərlə dəb çıxarıb bidətlər icad edən dəstələrdən fərqli olaraq, əsil ariflər də elə onlardır.

 Hazırki məqalədə irfanın ictimai cəhətlərinə, yəni təsəvvuf baxımından təhlilinə toxunmayacağıq. Yalnız mədəni baxımdan söhbət açaraq, irfana bir elm və İslam mədəniyyətinin bir şaxəsi kimi nəzər salacağıq. Əgər məsələyə ictimai baxımdan yanaşsaq, mütləq bu təbəqənin (sufilərin) yaranma səbəblərini, mənşəyini, İslam dünyası üçün müsbət yoxsa mənfi, faydalı yoxsa ziyanlı rol oynadığını, başqa İslam cərəyanlarına münasibət və təsirini, İslam maarifinə və İslamın dünyada yayılma prosesinə göstərdiyi təsirləri araşdırmalıyıq. Lakin biz bu mövzuların heç birinə toxunmayacaq, irfan barədə yalnız bir elm və mədəni bölmə olaraq söz açacağıq.

 İrfan bir elmi və mədəni kompleks kimi iki hissədən ibarətdir: əməli (praktiki) hissə və nəzəri hissə.

ƏMƏLİ İRFAN

Əməli irfan insanın özü, dünya və Allahla münasibətdə əlaqə və vəzifələrini açıb göstərir və bunları izah edir. Bu cəhətdən irfan əxlaq elminə bənzəyir. Yəni, onun kimi praktiki elmdir (aralarındakı fərq bir qədər sonra göstəriləcək). İrfanın bu bölümünü «seyru-süluk» elmi adlandırırlar. Burada insaniyyətin ən yüksək nöqtəsinə, yəni «tövhid» mərhələsinə çatmaq üçün «salik»in (haqq yolçusunun) mənəviyyat səfərinə haradan başlayacağı, hansı mənzil və mərhələləri ardıcıllıqla keçəcəyi, yol boyunca bu mənzillərdə nə kimi hallarla üzləşəcəyi və hansı vəziyyətlərə düşəcəyi izah edilir. Əlbəttə, bütün bu mənzil və mərhələlər, həmin yolu əvvəlcədən keçmiş, onun qayda-qanunlarından xəbərdar olan kamil və yetkin bir şəxsin nəzarəti və rəhbərliyi altında keçilməlidir. Əgər həmin kamil insan bələdçilik etməsə, düzgün yoldan azmaq təhlükəsi yaranar.

Ariflər bu mənəviyyat yoluna yeni qədəm basmış şəxsi mütləq müşayiət etməli olan kamil insanı rəmzlər vasitəsilə «tairi-qüds» (müqəddəs quş) və «Xızr» adlandırmışlar. Ariflər tərəfindən insaniyyətin ən yüksək nöqtəsi hesab edilən və seyru-sülukun son məqsədi sayılan tövhidlə sadə camaatın, hətta filosofların dərk etdikləri tövhid (yəni, vacibu'l-vücud (Allah) yeganədir) arasında yerlə göy qədər fərq vardır. Arifin tövhidi budur ki, həqiqi mövcud olan yalnız Allahdır, Allahdan savayı hər şey «görünüş»dür (təzahürdür), «varlıq» deyil. Arifin tövhidi «Allahdan savayı heç nə yoxdur» deməkdir. Arifin tövhidi, yollar keçərək, Allahdan savayı heç nəyi görməmək mərhələsinə çatmaqdır.

Ariflərin əleyhdarları tövhidin bu mərhələsini təsdiq etmir, adətən onu küfr və mülhidlik adlandırırlar. Amma ariflərin əqidəsincə, həqiqi tövhid elə budur, tövhidin digər mərhələləri isə şirkdən xali deyil. Ariflərin fikrincə, bu mərhələyə ağıl və düşüncə ilə deyil, ürəyin çalışma və mübarizələri, seyru-süluk və ruhi təmizlənmə, paklanma yolu ilə çatmaq mümkündür. Hər halda, irfanın bu bölümü (əməli irfan) ilə «nə etməli» sualına cavab axtaran əxlaq elmi arasında oxşarlıq vardır. Aralarındakı fərq isə aşağıdakılardan ibarətdir:



1 2 next