ALLAHITANIMA DƏRSLƏRİ - 1



Dini və materialist dünyagörüşləri və hər birinin doğurduğu nəticələr

Mən kiməm, haradan gəlmişəm? Görəsən bu dünyaya öz-özünəmi gəlmişəm və öz-özünəmi də gedəcəyəm? Yoxsa başqa birisi məni buraya gətirmiş və elə o da məni aparacaq? Görəsən aqibətim necə olacaq və haraya gedəcəyəm? Yoxsa ölüm mənim sonum deməkdir? Ölümdən sonra həyatımı davam etdirə biləcəyim başqa bir aləm varmı? Bu əzəmətli aləm öz-özünəmi yaranmış, ya təsadüf nəticəsində vücuda gəlmiş və ya başqa birisi bu əzəmətli aləmi yaratmışdır?

 Bu kimi suallar hər bir ağıllı insanı, xüsusilə gənclik və yetkinlik yaşları çağında olan hər bir kəsi maraqlandırır. Hər kəs bu suallar üçün həqiqət axtarışında olan ruhunu qane edə biləcək bir şəkildə doğru-düzgün cavab tapmağa çalışır.

 Möminlər və kafirlər yuxarıda sadalanan suallara öz əqidələrinə uyğun olaraq cavab vermişlər ki, həmin cavabları burada qeyd edirik.

 Aləm möminlərin baxışında.

 Möminlərin fikrincə aləm bütöv, nizamlı və harmoniyalı bir məcmudur ki, öz-özünə vücuda gəlməmiş əksinə elm, qüdrət və hikmət sahibi olan biri onu yaradıb idarə edir. Aləm böyük, əzəmətli Allahın iradəsindən qaynaqlanan bir sıra dəqiq qanunlar və nizam əsasında qorunur və idarə olunur. Əgər ilahi kömək və lütf olmasaydı, bu gördüyümüz əzəmətdən əsər-əlamət qalmazdı. Möminlərin əqidəsinə görə heç bir şey məqsədsiz xəlq olunmamış və bütün varlıqlar

Allahın hikmətli iradəsindən vücuda gəlmişdir. Bizim üçün sadə və əhəmiyyətsiz, yaxud xoşagəlməz görünən hər hansı bir şey əslində müəyyən bir hədəfi izləməkdədir.

 Möminlərin nəzərində aləmin bütün varlıqları öz yaranmasında və qalmasında aləmlərin yaradıcısına ehtiyaclıdırlar.

Əgər Allahın lütfü olmasaydı, heç bir mövcud yaranmazdı və əgər Onun qayğısı olmasaydı, heç bir varlıq qalmazdı.

Buna əsasən mömin var olan hər bir məxluqu ulu Tanrının lütf, qüdrət və əzəmətinin nişanəsi bilir.



1 2 3 4 5 6 7 next